Naxçıvanda təcili tibbi yardım avtomobili qəzaya düşüb



Naxçıvan,13 mart, AZƏRTAC
Naxçıvanda çağırışa gedən təcili tibbi yardım avtomobili qəza törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Babək rayonu ərazisində qeydə alınıb. Belə ki, qəza üçün çağırışa gedən təcili tibbi yardım avtomobili minik “Mercedes” avtomobili ilə toqquşub. Qəza zamanı təcili tibbi yardım avtomobilində olan Babək rayon Zeynəddin kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədova Fatma Talıb qızı və Badaşqan kənd sakini, 1988-ci il təvəllüdlü Novruzov Namiq Paşa oğlu xəsarət alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.