Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunub
Bakı, 6 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub.
Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycan xanımlarının həmişə sədaqət, təmkin, ailəsinin qayğısına qalan fədakar, nəcib qadın mücəssəməsi olduğunu söyləyib. O, Azərbaycanda qadın hərəkatının inkişaf tarixindən danışıb. Vurğulayıb ki, Azərbaycanda dünyanın bir çox ölkələrindən əvvəl qadınların seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət sahələrində və digər sahələrdə qazandıqları uğurlar Azərbaycan qadınının mənəvi-mədəni və intellektual potensialından, qəhrəmanlıq dolu tarixi keçmişindən xəbər verir.
Bildirilib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırır, onların hərtərəfli fəaliyyətinə geniş meydan verir, qadınların liderlik xüsusiyyətlərinin üzə çıxarılması və onlardan dövlət idarəçiliyində istifadə olunmasına şərait yaradırdı. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri, nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası da bu gün ölkəmizdə həyata keçirilən Heydər Əliyev siyasətinin tam ruhuna uyğun olaraq, qadınların dövlət aparatlarında, seçkili və seçkisiz orqanlarda irəliyə çəkilməsi, onların potensialından istifadə olunması, cəmiyyətimizin aparıcı hissəsi olan qadınların imkanlarından yetərincə bəhrələnmək siyasətinə sadiqliyini ortaya qoyur.