Nazir müavini: Azərbaycan enerji təhlükəsizliyində və yaşıl keçiddə regional rolunu gücləndirir
Bakı, 17 iyun, AZƏRTAC
Enerji təhlükəsizliyi baxımından neft və qaz hələ də qlobal enerji balansında əsas rolu oynamağa davam edir, eyni zamanda, bərpaolunan enerji mənbələri bu sistemi tamamlayır. Son dövrlərdə Hörmüz bölgəsində yaşanan böhran bir daha Orta Dəhliz və Azərbaycanın geniş regionda enerji təhlükəsizliyi üçün strateji əhəmiyyətini nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, bu sözləri energetika nazirinin müavini Orxan Zeynalov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “Dayanıqlı inkişaf üçün regional enerji əlaqələrinin genişləndirilməsi” adlı sessiyada çıxışı zamanı deyib.
Nazir müavini vurğulayıb ki, Azərbaycan yaşıl keçid prosesində regional lider kimi çıxış edir və bərpaolunan enerji və transmilli enerji dəhlizlərinin inkişafına töhfə verir. Onun sözlərinə görə, gələn ilin sonunadək 2 giqavatlıq yaşıl enerji gücü – 11 Günəş və külək elektrik stansiyası milli şəbəkəyə inteqrasiya olunacaq.
“2030-cu ilədək bərpaolunan enerjinin payı 39 faizə, 2035-ci ilədək isə 43 faizə çatdırılacaq. Bu, təbii qazın ixrac üçün əlavə imkanlar yaratmasına və milyonlarla ton emissiyanın azalmasına səbəb olacaq”, – deyə Orxan Zeynalov bildirib.
Foto - Orxan Kərimov