Nazir müavini: Mina təhlükəsi Qarabağ və Şərqi Zəngəzurda iqtisadi dirçəliş prosesini ləngidir
Bakı, 8 aprel, AZƏRTAC
COP29 vasitəsilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “Karbon neytrallığı” konsepsiyaları əsasında layihələrin icrası barədə maraqlı tərəfləri daha geniş məlumatlandıra bilərik.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin illik iclasında deyib.
O bildirib ki, bu ərazilərdə mina təhlükəsinin davam etməsi insanların həyatına təhlükə yaratmaqla yanaşı, iqtisadi dirçəliş prosesini ləngidir.
“Minalar ümumilikdə regionun ekoloji mühiti üçün ciddi təzyiqdir. Təsadüfi deyil ki, ölkə başçısı tərəfindən minatəmizləmə fəaliyyətinin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi BMT-nin 2030 gündəliyinə əlavə edilməsi təşəbbüsü irəli sürülüb. COP29 Azərbaycanın irəli sürdüyü 18-ci Milli DİM layihəsinin beynəlxalq ictimaiyyətdə təşviq olunması üçün də mühüm platforma rolunu oynaya bilər”,- deyə nazir müavini qeyd edib.