Nazir: Regionda hidrometeoroloji təhlükəsizliyin təmin edilməsinə öz töhfəmizi verməyə hazırıq
Bakı, 28 oktyabr, AZƏRTAC
“Azərbaycanda hidrometeorologiya və iqlim sahəsində xidmətlərinin gücləndirilməsi” layihəsinin yaxın illərdə uğurla icra ediləcəyinə inanırıq.
Layihə Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir. Ölkənin hidrometeoroloji şəraitinin mürəkkəbliyi və onun iqlim riskləri ilə əlaqədar təhlükələrə qarşı olduqca həssas olması hidrometeoroloji fəaliyyətin səmərəliliyinin artırılmasının ən prioritet məsələlərdən olduğunu göstərir”.
AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycanda hidrometeorologiya və iqlim sahəsində xidmətlərin gücləndirilməsi” adlı tvininq layihəsinin açılış tədbirində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
M.Babayev qeyd edib ki, “Layihə Azərbaycanda hidrometeorologiyanın müasir beynəlxalq təcrübəyə və tələblərə uyğun fəaliyyət göstərməsinə dəstək verməklə ölkəmizin təbii fəlakətlərə qarşı tələb olunan səviyyədə müqavimət göstərmə imkanlarının artması, təhlükə və risklərin azalması və iqlim amilləri ilə bağlı insan tələfatının və iqtisadi itkilərin qarşısının alınması sahəsində mühüm rol oynayacaq”.
Azərbaycanda Dövlət investisiya proqramları çərçivəsində hər il Milli Hidrometeorologiya Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi üçün milyonlarla vəsait hidrometeoroloji şəbəkənin avtomatlaşdırılmasına, müasir radar sistemlərinin qurulmasına yönəldiyindən söz açan nazir, işğaldan azad olunan ərazilərdə dövlət başçısının Sərəncamları ilə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasına uyğun quruculuq işlərinin geniş vüsət aldığını qeyd edib. “Yeni infrastruktur obyektləri istifadəyə verilib, beynəlxalq əhəmiyyətə malik aeroportlar inşa edilir. Bütün bu işlərin həyata keçirilməsi və planlaşdırmanın düzgün aparılmasında hidrometeoroloji xidmətlər həyata keçirilir, müasir hidroloji və meteoroloji avtomat stansiyalarla müşahidə şəbəkəsi bərpa olunur. Gələcək planlarımıza uyğun olaraq növbəti illərdə daha irimiqyaslı layihələrin həyata keçirilməsi planlaşdırılır”, - deyə nazir bildirib.
M.Babayev, eyni zamanda öz çıxışında qeyd edib ki, “Hava sərhəd tanımır. Regionda hidrometeoroloji təhlükəsizliyin təmin edilməsinə öz töhfəmizi verməyə, yeni müşahidə sistemlərindən əldə etdiyimiz məlumatları paylaşmağa hazırıq. Yalnız səylərin birləşdirilməsi bizə iqlim risklərinə qarşı dayanıqlığı artırmağa imkanı verəcək.
Bu baxımdan layihə texniki fəaliyyət və kommunikasiya imkanlarının gücləndirilməsi, o cümlədən iqlim məlumatlarının idarə edilməsi, proqnozlaşdırma, erkən xəbərdarlıq sahələrində yerli kadrların potensialının artırılmasında mühüm rol oynayacaq”.
Sonda M.Babayev Avropa İttifaqına və quruma üzv dövlətlərin, o cümlədən Finlandiya, Litva və Fransadan olan tərəfdaş qurumlara dəstəyə görə minnətdarlığını bildirib.