Nazirlikdə Türkiyə nümayəndə heyəti ilə görüş olub
Azərbaycan ilə Türkiyə arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əlaqələrin daha da gücləndirilməsi müzakirə edilib
Bakı, 25 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin Rəhbərlik və Təftiş Başqanlığının sədri Bekir Aktürkün başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Bu barədə AZƏRTAC-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin və fəal siyasi dialoqun ikitərəfli əməkdaşlığımızın bütün sahələrdə möhkəmləndirilməsinin əsasını təşkil etdiyini vurğulayıb.
Türkiyə ilə digər sahələrdə olduğu kimi əmək, məşğulluq və sosial müdafiə sahələrində də əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.
Azərbaycanda əmək münasibətləri sahəsində aparılan islahatlar barədə məlumat verilib.
Bekir Aktürk nazirliklər arasında ikitərəfli əlaqələrin genişləndirilməsi üçün ardıcıl işlər aparıldığını və uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını bildirib.
Qeyd edək ki, nümayəndə heyəti əmək müfəttişliyi faəliyyətlərinin elektronlaşdırılması və onlara nəzarət sisteminin formalaşdırılması üzrə təcrübə mübadiləsinin aparılması üçün ölkəmizdə səfərdədir.