NDU-nun “Enactus” komandası ölkəmizin ali təhsil müəssisələri arasında keçirilən müsabiqənin qalibi olub
Naxçıvan, 19 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Enactus Azərbaycanın təşkilatçılığı ilə “Enactus Onlayn Sahibkarlıq” müsabiqəsində Naxçıvan Dövlət Universitetinin (NDU) “Enactus” komandası qalib gəlib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildiriblər ki, ölkəmizin 19 ali təhsil müəssisəsinin komandasının iştirak etdiyi müsabiqə “Zoom” platforması vasitəsilə onlayn şəkildə keçirilib.
Komandalar onlara ayrılan vaxt çərçivəsində öz layihələrini videoformatda təqdim ediblər. Münsiflər heyətinin qərarı ilə NDU-nun “Enactus” komandasının təqdim etdiyi layihə müsabiqənin qalibi olub. Dövlət Gömrük Komitəsinin Akademiyası II, Azərbaycan Tibb Universitetinin komandası isə III yerə layiq görülüb.
Qeyd edək ki, layihənin məqsədi sənaye müəssisələrində tullantıları nisbətən azaltmaq və bununla da hədəf auditoriyası və komanda üçün gəlir əldə olunmasını təmin etməkdir. Layihə müəllifləri belə hesab edirlər ki, bəzi hallarda sənaye müəssisələri üçün tullantı hesab edilən maddələr digər bir sahədə istifadə oluna bilən xammal ola bilər. Muxtar respublikada kifayət qədər sənaye müəssisələrinin olduğunu nəzərə alaraq, bu tullantılardan səmərəli istifadə etmək qərarına gələn komanda iki illik fəaliyyətləri ərzində layihəyə 480 saat vaxt sərf etməklə sənətkarlar üçün yeni iqtisadi imkanlar yaradıb. İlkin mərhələdə 70 sənətkarın cəlb edildiyi mərhələdə ümumi dəyəri 6800 manat olan 4021 ədəd əl işinin satışı reallaşdırılıb.
Fəaliyyətinin ilk ilindən başlayaraq komanda innovasiyalı təhsil proqramlarının inkişafı, azad sahibkarlıq fəaliyyətinin öyrədilməsi, sosial məqsədlərin reallaşdırılması istiqamətində tələbələrin vahid komanda kimi fəaliyyətini koordinasiya edir. Dünyanın ən qabaqcıl ali təhsil müəssisələrinin qoşulduğu Enactus layihələri tələbələrin həm təfəkkürünün formalaşmasına və iş dünyası ilə universitet əlaqələrinin inkişafına şərait yaradır. Tələbələrin innovativ düşüncələrinin qiymətləndirildiyi 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə təməli qoyulan “Startap Naxçıvan” hərəkatı da universitetdə peşəkar mütəxəssis hazırlığına, tələbə-gənclərdə innovativ ideyaların üzə çıxarılmasına xidmət edir. Layihələrin dəyərləndirilməsi və tətbiqi üzrə ali təhsil ocağında yeni yaradılan texnoparkın fəaliyyəti isə yeni elmtutumlu texnologiyaların işlənməsi və tətbiqi, qlobal bazara çıxarılması, layihələrin inteqrasiyası nano üzrə ixtisaslaşdırılmış kadrların hazırlanması sahəsinə böyük töhfələr verəcək.