NEFT STRATEGİYASININ TƏNTƏNƏSİ
Xüsusi buraxılış beşiyi başında ümummilli liderimiz Heydər Əliyevin durmuş olduğu yeni neft strategiyasının əsasını qoyan məşhur “Əsrin müqaviləsi”nin müxtəlif cəhətlərini işıqlandırır. Çoxsaylı fotosənədlər Xəzərin sərvətlərinin istifadəyə verilməsinin mühüm mərhələlərini təcəssüm etdirir. Bunlar həm 1994-cü ilin sentyabrında Bakıda dünyanın aparıcı neft şirkətləri ilə müqavilənin imzalanması və Türkiyədə BTC-yə dair sənədlərin imzalanması mərasimi, həm ölkənin ali rəhbərliyinin nadir kəmərin tikilməkdə olan obyektlərində, dəniz yataqlarında olması məqamları, həm də insanlarla səmimi görüşlər və söhbətlərdir. Buradakı materiallar iqtisadiyyatımızın bu həlledici istiqamətində Azərbaycan dövlətinin unudulmaz rəhbəri Heydər Əliyevin, onun layiqli varisi, Prezident İlham Əliyevin titanik fəaliyyətini ayna kimi əks etdirir.
Xüsusi buraxılışın materialları arasında Prezident İlham Əliyevin Azərbaycan neftinin Ceyhan terminalına daxil olması münasibətilə xalqımıza müraciəti xüsusi yer tutur. Müraciətdə vurğulanır: “Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edən hadisədir. Bu, Azərbaycanın uzunmüddətli inkişafını təmin edəcək, ölkəmizi zənginləşdirəcək, bizim iqtisadi potensialımızı daha da möhkəmləndirəcəkdir”.
Xəzər neftini daşıyan ilk tankerlərin Ceyhandan dünya bazarlarına yola düşdüyü bir vaxtda ümummilli liderimizin artıq öz sanballı bəhrələrini verən neft strategiyasının təntənəsindən cəsarətlə danışmaq olar. Bunlar Azərbaycanın dünya neft siyasətinin formalaşdırılmasında və reallaşdırılmasında fəal iştirak edən dövlətlər arasında layiqli yer tutduğunu və özünün obyektiv və prinsipial mövqeyi olduğunu göstərir.
Ölkəmiz yeni neft strategiyası olmadan dərin böhrandan belə uğurla çıxa, sosial-iqtisadi həyatın bütün sahələrində əsaslı dəyişikliklərə nail ola, öz enerji təhlükəsizliyini bərpa edə bilməzdi. Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri, “İqtisadiyyat” qəzetinin baş redaktoru, xüsusi buraxılışın rəhbəri akademik Ziyad Səmədzadə bu fikri “Dinamik inkişafın keyfiyyətcə yeni mərhələsində” məqaləsində inkişaf etdirir. O və nəşrin bütün müəllifləri - dövlət qurumlarının, bankların və başqa sahələrin rəhbərləri, habelə sahibkarlar Azərbaycanın son illər sosial-iqtisadi inkişaf sahəsində qazandığı böyük uğurları təhlil edərək, müstəqil dövlətimizin gələcəyi, tərəqqinin təminatçısı olan islahatların dönməzliyi, xalqımızın rifahının yüksəldilməsi barədə nikbinliklə danışırlar.
Zövqlə dizayn edilmiş illüstrasiyalı 200 səhifəlik xüsusi buraxılış materialların verilməsi sistemi, geniş informasiya bazası baxımından başqa nəşrlərdən fərqlənir.