NEFTÇİLƏR GÜNÜNƏ HƏSR EDİLMİŞ ON BEŞİNCİ ƏNƏNƏVİ SPARTAKİADANIN TƏNTƏNƏLİ AÇILIŞI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, sentyabrın 11-də Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksinin stadionunda neft və qaz sənayesi işçilərinin ənənəvi XV Spartakiadasının təntənəli açılışı olmuşdur.
Azərbaycanın dövlət himni səslənmişdir.
Mərasimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Milli Məclisin deputatı Rauf Əliyev və başqaları çıxış edərək yarış iştirakçılarını salamlamış, onlara uğurlar arzulamışlar.
Natiqlər bildirmişlər ki, son illər Azərbaycanda bütün sahələrdə olduğu kimi, idmanın inkişafı istiqamətində də mühüm addımlar atılmış, ölkəmiz bir çox nüfuzlu beynəlxalq yarışların yüksək səviyyədə keçirildiyi mərkəzə çevrilmişdir. Prezident İlham Əliyevin göstərişi ilə son illər ərzində respublikamızın bir çox bölgələrində olimpiya-idman Kompleksləri tikilmişdir və hazırda bu iş uğurla davam etdirilir.
Azərbaycanın mühüm əhəmiyyətli beynəlxalq yarışlara ev sahibliyi etdiyini yüksək qiymətləndirən natiqlər ölkəmizi təmsil edən idmançıların yaxşı hazırlıq səviyyəsindən danışmışlar.
Azərbaycan neftçilərinin peşə bayramı - 20 sentyabr Neftçilər gününə həsr edilmiş Spartakiadada 32 komanda iştirak edir.
Builki Spartakiadada neftçilər 12 idman növündə öz qüvvə və bacarıqlarını nümayiş etdirəcəklər. İdmanın atletika, mini futbol, voleybol, stolüstü tennis, üzgüçülük, şahmat, dama və digər növləri üzrə keçiriləcək yarışlarda qadınlar və kişilər iştirak edəcəklər.
Açılış mərasimi yeniyetmə idmançıların nümunəvi çıxışları davam etdirilmişdir.
Gənc ifaçılar iştirakçılar qarşısında geniş konsert proqramı ilə çıxış etmişlər.
Sonra Spartakiadanın startı verilmişdir.
Sentyabrın 16-da S. Bəhlulzadə adına mədəniyyət sarayında Spartakiadanın təntənəli bağlanış mərasimi keçiriləcəkdir.