“Neftçi”nin legioneri: Çempionluğa söz vermirəm, amma futbolda hər şey mümkündür - MÜSAHİBƏ
Bakı, 15 yanvar, AZƏRTAC
“Neftçi”nin fransalı yarımmüdafiəçisi Kilan Lebon AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.
- Ötən ili özünüz və komandanız üçün necə qiymətləndirirsiniz?
- “Neftçi” hazırda istədiyi mövqedə deyil. Biz hər zaman zirvədə olmalıyıq. Qış fasiləsinə ən azı ikinci pillədə yollanmalıydıq. Mövsümün ilk hissəsində mükəmməl çıxış etmədik. Ancaq yaxşı nəticələrlə vəziyyəti düzəldə bilərik.
- "Neftçi"nin qeyri-sabit çıxış etməsinə səbəb nədir?
- Açığı, komandanın bu cür qeyri-sabit çıxışının səbəbini həqiqətən bilmirəm. Amma bir səbəb deməliyəmsə, bu, yeni transferlərin adaptasiyası ilə də bağlı ola bilər. Komandaya çox sayda yeni oyunçu gəlirsə, onların kollektivə uyğunlaşması, futbolçuların meydanda bir-birini daha yaxşı başa düşməsi üçün vaxt lazımdır. Düşünürəm ki, səbəblərdən biri budur. Amma başqa nüanslar da var.
- Türkiyənin Antalya şəhərindəki hazırlıq prosesi necə keçdi? Sizcə, toplanışın komandaya nə dərəcədə faydası olacaq?
- Bizim üçün çox gözəl şərait yaradılmışdı. Hazırlıq yaxşı keçdi. Komandada əhvali-ruhiyyə əladır. Komanda olaraq bir-birimizi çox yaxşı anlayırıq. Potensialımız daha böyük işlər görməyə imkan verir. Bunun üçün üzərimizdə çox işləməliyik.
- Azarkeşlər üçüncü və dördüncü dövrələrdə necə "Neftçi"ni izləyəcəklər?
- Bizi qış fasiləsindən sonra daha yaxşı günlər gözləyir. Yeni baş məşqçimiz var, texniki heyətimiz və oyun üslubumuz var. Bu da komandaya enerji verəcək. İnanıram ki, mövsümün ikinci yarısında “Neftçi”ni uğura daşıyacağıq.
- Hazırda turnir cədvəlində “Neftçi” ilə lider "Qarabağ" arasında 13 xallıq fərq var. Çempionluq şanslarınız barədə nə deyə bilərsiniz?
- Xəyal qurmağı sevən insan deyiləm. Həm də “Heç kim narahat olmasın, mövsümün sonunda “Neftçi” çempion olacaq” deyə söz vermirəm. Düzdür, bu, elə də asan məsələ deyil, amma futbolda hər şey mümkündür. Əminəm ki, birlikdə yaxşı işlər görəcəyik və çempionatın ikinci hissəsində "Neftçi"yə uğur gətirəcəyik.
- Bu yay "Neftçi" ilə müqaviləniz başa çatacaq. Gələcək karyeranız barədə qərar vermisiniz?
- Hələlik bu məsələ ilə bağlı heç nə bilmirəm. Klubda qalıb-qalmayacağım barədə söhbət olmayıb. Mövsümün sonunda danışıqlar olacaq. Hazırda bütün diqqətimi “Neftçi”yə yönəltmişəm. Bu komandaya maksimum kömək etmək istəyirəm.