Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin inzibati binasında dezinfeksiya işləri aparılır
Bakı, 10 mart, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirləri davam etdirir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qurumun inzibati binasında koronavirusun yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə zəruri tədbirlər görülür, dezinfeksiya işləri aparılır. İş otaqlarında, foye və konfrans zalında, o cümlədən pilləkənlərin, nazirliyin girişində quraşdırılmış turniketlərin xüsusi dərmanlanması işləri həyata keçirilir. Bundan əlavə, koronavirusla bağlı təbliğat-təşviqat və maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə də tədbirlər görülür. Əməkdaşlar Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyələri əsasında xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları haqqında məlumatlandırılırlar.
Xəstəliyə yoluxma hallarına yol verilməməsi və qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi üçün nazirlikdə və tabeli qurumlarda dezinfeksiya işləri mütəmadi olaraq davam etdirilir.
Xatırladaq ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin və yoluxma hallarının qarşısının alınması məqsədilə mart ayında keçirilməsi nəzərdə tutulan bir sıra kütləvi tədbirləri müvəqqəti olaraq təxirə salıb.