NƏQLİYYATDA BAŞ POLİS İDARƏSİ ÖTƏN İLİMÜSBƏT GÖSTƏRİCİLƏRLƏ TAMAMLAMIŞDIR
Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İdarə rəisi, general-mayor Oqtay Əliyev nəqliyyatda polis orqanlarının illik fəaliyyətinə dair məruzəsində bildirmişdir ki, 2003-cü ildə bütün sahələrdə müsbət göstəricilər əldə edilmiş, cinayət-axtarış xətti ilə qeydə alınan cinayətlərin 95,9 faizinin, ağır və xüsusilə ağır cinayətlərin isə 90 faizi açılmış, axtarışda olanların tapılmasında yüksək göstəricilər qazanılmışdır.
Tədbirdə nöqsanlardan, qarşıda duran vəzifələrin daha operativ həlli üçün bütün qüvvələrin səfərbər olunmasının vacibliyindən söz açılmış və vurğulanmışdır ki, hesabat dövründə narkotiklərlə bağlı mübarizə tədbirləri gücləndirilmiş, xeyli miqdarda qanunsuz saxlanılan silah-sursat yığılmış, veteranlara, şəhid polis ailələrinə, məcburi köçkün və qaçqınlara maddi yardım edilmişdir.
DİN-nin müavini, general-leytenant Oruc Zalov çıxış edərək, ötən il polis orqanlarının həyata keçirdiyi tədbirlərdən, ictimai-siyasi sabitliyin qorunması sahəsində görülən işlərdən danışmış, polislərə insanların hüquq və azadlıqlarının qorunmasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulamışdır.