Nərimanov rayonunda ağacəkmə aksiyası keçirilmişdir
Bakı, 19 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasında ətraf mühitin qorunması və ekologiya ilə bağlı verdiyi tapşırıq və göstərişlərə uyğun olaraq aprelin 19-də Nərimanov rayonunda ağacəkmə aksiyası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, aksiya Nərimanov Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının rayon təşkilatı tərəfindən akademik Həsən Əliyev küçəsi ilə Aşıq Molla Cümə küçəsinin kəsişməsində yerləşən 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında keçirilmişdir.
Rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatların əməkdaşlarının, ictimaiyyətin nümayəndələrinin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduqları genişmiqyaslı iməcilikdə ətraf ərazi tullantılardan və alaq otlarından təmizlənmiş, burada İtaliyadan gətirilmiş 300-dən çox Leylandra növlü ağaclar əkilmişdir.
Həmin ərazinin yaşıllaşdırılması üçün mütəmadi qaydada abadlıq işləri aparılmış və bu qəbildən olan müxtəlif növ dekorativ ağac və kollar əkilmişdir.
Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən bu cür genişmiqyaslı silsilə tədbirlər rayon ərazisində yerləşən bütün idarə, müəssisə və təşkilatlarda davam etdirilir.