Nərimanov rayonunda xaricdə yaşayan şəxslər tərəfindən narkokuryerliyə cəlb edilən 7 nəfər saxlanılıb VİDEO
Bakı, 23 fevral, AZƏRTAC
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyatlar nəticəsində narkotiklərin satışı ilə məşğul olan 7 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən 3 kiloqrama yaxın narkotik vasitə, eləcə də psixotrop tərkibli 274 həb çıxarılıb.
Polis əməkdaşlarının keçirdikləri ilk tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Aqil Baxşəliyev və Xəyal Məmmədov saxlanılıblar. Onlardan satış məqsədilə əldə etdikləri külli miqdarda psixotrop maddə - metamfetamin aşkarlanıb. Xəyal Məmmədov ifadəsində narkotik vasitələri satmaq məqsədilə Aqil Baxşəliyevdən aldığını bildirib.
Həyata keçirilən digər əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Tofiq Əliyev və Emin Zeynalov saxlanılıblar. Tofiq Əliyevdən ümumilikdə 800 qram heroin, metamfetamin, tiryək, eləcə də yüksək təsiredici xassəyə malik narkotik vasitə - kokain, 274 ədəd psixotrop tərkibli satışı qadağan edilən ekstazi, metadon və tramadol həbləri aşkar edilərək götürülüb. Emin Zeynalovdan isə 1 kiloqram 660 qram heroin aşkar olunub.
Nərimanov rayonunda həyata keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Elazə Mustafayeva, Rəşad Aslanov və Yunus İsmayılov tutulublar. Həmin şəxslərdən də müxtəlif növ narkotik vasitələr aşkar edilib.
Əməliyyatlar zamanı saxlanılan şəxslərlə bağlı aparılan tədbirlərlə müəyyən edilib ki, onlar narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdə yaşayan narkotacirlərdən onlayn yolla paytaxt ərazisində satmaq məqsədilə alıblar.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşası istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.