Nərimanov şəhərində Azərbaycan diasporunun köməyi ilə Mədəniyyət Mərkəzi açılmışdır
Bakı, 19 iyun (AZƏRTAC). Rusiyanın Həştərxan vilayətinin Nərimanov şəhərində, Nəriman Nərimanov adına parkın yanında Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) regional bölməsinin təşəbbüsü və fəal köməyi ilə Nərimanov Rayon Mədəniyyət Mərkəzi açılmışdır.
ÜAK-ın regional bölməsindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan xalqının böyük siyasi və ictimai xadimi Nəriman Nərimanovun fəaliyyəti ilə bağlı fotoşəkillər, jurnallar, qəzet və eksponatlar bir neçə il ərzində Həştərxanda və Bakıda toplanmışdır.
Mərkəzdə Nəriman Nərimanova, Azərbaycan xalqının mədəniyyətinə və Nərimanov şəhərinin tarixinə həsr olunmuş, üç salondan ibarət muzey açılmışdır.
Muzeyin salonlarından birinin ekspozisiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatından və dövlətçilik fəaliyyətindən söz açılır.
Heydər Əliyevin 90 illiyinin bayram edildiyi günlərdə Həştərxan vilayətinin Nərimanov rayonunun sakinləri arasında Mədəniyyət Mərkəzinə gələnlərin sayı xeyli artmışdır.