Nikolay Valuyev: London Olimpiadasına hazırlıq dövründə Britaniya qoşunları İraqda idi
Moskva, 18 iyun, AZƏRTAC
Rusiya Federasiyası Dövlət Dumasının deputatı, boks üzrə dünya çempionu Nikolay Valuyev Rusiyada çıxan “Arqumentı i faktı” qəzetinə verdiyi müsahibədə deyib: “Biz tez-tez şahid oluruq ki, Qərbin bəzi nümayəndələri Olimpiya hərəkatının “İdman siyasətdən kənardır!” devizinə əsla məhəl qoymur.
N.Valuyev qeyd edib ki, bəzi Avropa ölkələrinin yüksək vəzifəli nümayəndələri Avropa Oyunlarının açılış mərasiminə gəlməmişdi. Dövlət Dumasının deputatı bununla əlaqədar sual edir: “Nəyə görə? Sadəcə ona görə ki, Avropa İttifaqının Azərbaycana çoxlu sualı var, o cümlədən Azərbaycanın Rusiya ilə “düzgün olmayan” tərəfdaşlığı Aİ-ni qane etmir. İndi isə Bakının böyük məbləğdə xərc çəkərək təşkil etdiyi bayramı korlamaq üçün yaxşı bir fürsət yaranıb. Bu, 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı ilə bağlı əhvalata oxşayır. Qərbin “oyun qaydaları” ilə hesablaşmayanlara həm iqtisadi, həm də siyasi baxımdan təzyiq göstərilir. İndi bu prinsip idmana da tətbiq olunur”.
Deputatın sözlərinə görə, Qərb Azərbaycanı insan haqlarının pozulmasında təqsirləndirməklə ikili standartlar tətbiq edir. N.Valuyev sonda deyib: “İnsan haqları məsələsi ilə əlaqədar xatırlatmaq istəyirəm ki, London Olimpiadasına hazırlıq dövründə Britaniya qoşunları İraqda idi. Amma heç kəs heç nəyə görə narahat olmurdu. Bir sözlə, bütün bu hadisələr iyrənc təsir bağışlayır. Hərçənd, deməliyəm ki, bu cür qalmaqallar məni daha təəccübləndirmir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva