NOVRUZ DOSTLARI BİR ARAYA GƏTİRİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) ilə Rusiya Dövlət Sosial Universiteti (RDSU) arasında sıx əməkdaşlıq münasibətləri yaranmışdır. Ötən ilin mayında RDSU-da 28 may - Respublika gününə həsr olunmuş silsilə tədbirlərin uğurla keçirilməsi bu sahədə ilk təcrübə idi. Bu yaxınlarda təsis edilmiş RDSU Azərbaycanlı tələbələr klubunun təşkil etdiyi dəyirmi masa növbəti mərhələ olmuşdur. Qeyd edək ki, universitetdə həm Azərbaycandan, həm də Rusiyadan 40-dək həmvətənimiz təhsil alır.
Bu günlərdə RDSU-da “Azerbaydjanskiy konqres” qəzetinin Novruz bayramına həsr edilmiş nömrəsinin çapdan çıxmasının beşinci ildönümü münasibətilə dəyirmi masa olmuşdur. Tədbirdə ÜAK-ın və “Azerbaydjanskiy konqres” qəzetinin nümayəndələri, universitetin, tələbə təşkilatlarının rəhbərliyi iştirak etmişlər.
ÜAK-ın İnformasiya-təhlil işi üzrə Komitəsinin əlaqələndiricisi, RDSU-nun professoru, filologiya elmləri doktoru İbrahim Məlikov ali məktəbin Konqreslə əməkdaşlığından, Azəbaycanda Novruz bayramı ənənələrindən, onun tarixi köklərindən söhbət açmışdır.
ÜAK-ın icraçı direktorunun müavini İlqar Hacıyev qurumun yaradılması tarixindən və onun fəaliyyətinin əsas istiqamətlərindən danışmışdır.
ÜAK-ın mətbuat katibi Araz Axundov müxtəlif ictimai qurumların kütləvi informasiya vasitələri ilə əlaqələrindən danışmışdır. Ali məktəbin Azərbaycanlı tələbələr klubunun üzvləri bu sahədə atdıqları ilk addımlar haqqında təəssüratlarını bölüşmüş, gələcək planlarından danışmışlar.
RDSU-nun beynəlxalq əməkdaşlıq idarəsi rəisinin müavini Mixail Maqnitski univeresitetin fəaliyyəti, onun beynəlxalq əlaqələrinin inkişafı haqqında məlumat vermişdir.
Sonda Moskvadakı 157 nömrəli məktəbin şagirdlərinin və Azərbaycan artistlərinin iştirakı ilə bayram konserti olmuşdur.
Novruz münasibətilə Azərbaycan şirniyyatı ilə çay süfrəsi təşkil edilmişdir.