Olimpiadada medal qazanan qazaxıstanlı boksçular dövlət tərəfindən verilən pul mükafatlarını xeyriyyə məqsədilə xərcləyəcəklər
Bakı, 18 avqust, AZƏRTAC
“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında bürünc medal qazanan qazaxıstanlı boksçular Saken Bibosınov və Kamışbek Kunkabayev dövlət tərəfindən verilən pul mükafatlarını xeyriyyə məqsədilə xərcləmək qərarına gəliblər.
AZƏRTAC xəbər verir ki, bunu olimpiyaçıların mükafatlandırılması mərasimində Qazaxıstan Boks Federasiyası elan edib.
Hər iki boksçu Tokio Olimpiadasında bürünc medal qazandıqları üçün dövlət tərəfindən 75 min dollar məbləğində pul mükafatı ilə təltif edilib. Boksçular və onların məşqçiləri bununla yanaşı, boks federasiyası tərəfindən də mükafatlandırılıblar.
Boksçulardan əvvəl belə bir addımı Olimpiadada bürünc medal qazanan sərbəst güləşçi Nurislam Sanayev atıb. O, dövlət tərəfindən verilən pul mükafatını Qazaxıstanda aztəminatlı ailələrə və xəstə uşaqlara paylayıb.