“Olimpiakos” klubu fanatların törətdiyi iğtişaşa görə cəzalandırıldı
Bakı, 13 fevral, AZƏRTAC
Yunanıstan superliqasının İntizam komitəsi AEK klubu ilə öz meydançasında keçirdiyi matçın (1:2) yekunlarına görə “Olimpiakos”u cəzalandırıb.
AZƏRTAC xəbər verir ki, Pirey şəhərinin futbol klubu fanatların oyunun sonunda kütləvi şəkildə meydançaya qaçaraq pirotexnika atması və reklam lövhələrini dağıtması ilə müşahidə olunan iğtişaşlar səbəbindən 3 xaldan məhrum edilib və iki matçı boş tribunalar önündə keçirəcək.
Yüzlərlə azarkeş polis əməkdaşları ilə qarşıdurmaya gedib və rəqib komandanın oyunçularının avtobusuna hücum edib.
Bundan başqa, bu insidentə görə “Olimpiakos” 90 min avro cərimə edilib. Klubun İntizam komitəsinin qərarından apellyasiya şikayəti verəcəyi ehtimal olunur. Yunanıstan çempionatında 21 turdan sonra turnir cədvəlində 3-cü yeri tutan “Olimpiakos” lider PAOK-dan 9 xal geridə qalır.