Oliviya Kolman və Benedikt Kamberbetç “Rouzların müharibəsi” remeykində çəkiləcəklər
Bakı, 4 aprel, AZƏRTAC
“Searchlight Pictures” studiyası bildirib ki, Oliviya Kolman və Benedikt Kamberbetç “Ostin Pauers” və “Valideynlərlə tanışlıq” kinofranşizaları lentə alan Cey Rouçun rejissoru olacağı Rouzlar cütlüyü haqqında hekayənin yeni versiyasında çəkiləcəklər. Ssenarist Toni Maknamaradır (“Yazıq və bədbəxt”, “Kruella”, “Dahi”).
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, filmdə uğurlu karyerası, əcaib uşaqları və gözəl münasibətləri olan Teo (Kamberbetç) və Ayvi (Kolman) ideal cütlüyü barədə bəhs edilir. Lakin gözəl fasadın arxasında Teonun peşəkar xəyalları məhv olduğu zaman ortaya çıxan rəqabət və hiddətlə dolu barıt çəlləyi gizlənir.
“Searchlight” şirkətinin prezidenti Metyu Qrinfild deyib: “The Roses” inanılmaz dərəcədə məzəli, möhtəşəm, eyni zamanda da dərin insani hekayədir … Ceyin başçılığı ilə Benedikt, Oliviya və Tonidən ibarət olan və bu xəyalı gerçəkləşdirən xəyallar komandamız var”.
“The War of the Roses” orijinal ingilis adı təkcə Oliver və Barbara Rouzun soyadlarına deyil, həm də İngilis Al və Ağ Qızılgüllər müharibəsinə - XV əsrin ikinci yarısında ingilis zadəganlar qruplaşmaları arasında 30 illik qanlı sülalə qarşıdurmalar seriyasına aiddir.
Maykl Duglas və Ketlin Ternerin baş rollarda oynadıqları “Rouzların müharibəsi”nin ilkin versiyası 1989-cu ildə buraxılıb. Aktyorlar boşanmağa qərar vermiş və münasibətlərin aydınlaşdırılması prosesində əsl müharibə törətmiş ər-arvad cütlüyünü canlandırıblar. Həmin filmin rejissoru filmdə hüquqşünas rolunda çəkilən Denni Devito olub.
Deyilənə görə, hazırkı layihə mərhum Uorren Adlerin 1981-ci ildə dərc edilmiş “Mənbə” romanının “yenidən nəzərdən keçirilməsidir”. Layihədə baş rolların hər ikisi ilə əlaqəli olan prodüser şirkətləri iştirak edirlər. “Deadline” yazır ki, Kamberbetç filmə layihə üzərində 2017-ci ildən bəri işləyən Liya Klark və Adam Ekland ilə birgə şəxsi “SunnyMarch” banneri altında prodüserlik edəcək.