“Ölkə əhalisinin sağlamlığının qorunmasında xüsusi tibb xidmətlərinin rolu” - dəyirmi masa VİDEO
Bakı, 19 dekabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin yaradılmasının 20 illiyinə həsr edilmiş "Ölkə əhalisinin sağlamlığının qorunmasında xüsusi tibb xidmətlərinin rolu, qarşılıqlı əməkdaşlıq və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi davamlı inkişaf strategiyasının təməlində duran əsas prinsiplərdən danışıb. Bildirib ki, bunlardan biri də ölkə əhalisinin sağlamlığının qorunması, səhiyyə xidmətləri ilə tam təmin edilməsidir. O da qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində səhiyyə infrastrukturunun müasir tələblərə uyğun şəkildə qurulması, xidmətlərin əlçatanlığının təmin edilməsi, yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində mühüm işlər görülüb.
Dövlət Görük Komitəsinin Tibbi Xidmət İdarəsinin də ölkə əhalisinin və gömrük əməkdaşlarının sağlamlığının qorunması, dövlət sərhədindən buraxılış məntəqələrində sanitar-epidemioloji nəzarətin səmərəli təşkili, tibb sahəsində qabaqcıl beynəlxalq təcrübələrin öyrənilərək paylaşılmasına mühüm töhfə verdiyi vurğulanıb.
Tibbi Xidmət İdarəsinin rəisi tibb xidməti general-mayoru Ceyhun Məmmədov “Dövlət Gömrük Komitəsinin Tibbi Xidmətinin ölkə səhiyyəsinin inkişafına töhfəsi” mövzusunda çıxış edərək tibb xidmətinin fəaliyyəti, əldə olunan nailiyyətlər və hədəflər barədə məlumat verib.
Daha sonra Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin deputatı Rəşad Mahmudov “Davamlı təhsil sahəsində Elmi-Təcrübi və Tədris Mərkəzinin təcrübəsi və qurumlarla əməkdaşlıq” mövzusunda məruzəsi dinlənilib. İdarə rəisinin müavinləri İsmayıl Əfəndiyev və Şahlar Mirqasım “Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin həyata keçirdiyi sosial tədbirlərin vacibliyi”, “Dövlət sərhədlərinin sanitariya mühafizəsində qurumlararası əməkdaşlıq və perspektivlər”, Fövqəladə Hallar Nazirliyinin Tibb xidmətinin rəisi Vəfa Dadaşova isə “Fövqəladə halların idarə olunmasında ixtisaslaşmış tibb xidmətlərinin rolu və mövcud təcrübə” mövzularında çıxış ediblər. Məruzələr ətrafında müzakirələr aparılıb.