MƏDƏNİYYƏT
Ölkəmizdə İşgüzar Tədbirlər Sənayesi Alyansı yaradılır
Bakı, 11 aprel, AZƏRTAC
Ölkəmizdə İşgüzar Tədbirlər Sənayesi Alyansı formalaşdırılır. Bu məqsədlə Azərbaycan Konqreslər Bürosu ilə işgüzar tədbirlərin keçirilməsinə töhfə verə biləcək potensial tərəfdaşlar arasında görüşlər keçirilib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, irimiqyaslı işgüzar tədbirlər keçirmək imkanına malik olan məkanlar, hotellər, həmçinin peşəkar konfrans təşkilatçıları, aviaşirkətlər, tur operatorların nümayəndələri ilə təşkil olunan görüşlərdə bu cür tədbirlərin keçirilməsinin qarşılıqlı faydalı əməkdaşlıqlar üçün verə biləcəyi töhfələr barəsində müzakirələr aparılıb. Görüşlər zamanı yaradılacaq təşkilatın strukturu, fəaliyyəti, gələcək planları haqqında məlumat verilib, sənaye iştirakçılarının fikirləri dinlənilib.
Müxtəlif mövzulu beynəlxalq konqres, konfrans, forum və biznes görüşlərinin Azərbaycanda keçirilməsi turizmin şaxələndirilməsi və ilboyu turizm imkanlarının təklif edilməsi baxımından əhəmiyyət kəsb edir. Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu tərəfindən ölkənin işgüzar turizm potensialını tanıtmaq və işgüzar məqsədlərlə ölkəmizə səfər edənlərin sayını artırmaq üçün daxili resursların sistemləşdirilməsi istiqamətində işlər görülür.