Ölkəmizdə təhsilin inkişafında Ulu Öndərin xidmətləri əvəzsizdir
Gəncə, 20 aprel, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda elmi-praktiki seminar keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminardan əvvəl Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Çıxış edən Universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva Ümummilli Lider Heydər Əliyevin təhsil sahəsinin inkişafına göstərdiyi misilsiz xidmətlərindən ətraflı danışıb. Bildirib ki, ölkəmizdə təhsilin beynəlxalq standartlara uyğun səviyyəyə çatmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir.
Prorektor Gülsüm Fətəliyeva onu da qeyd edib ki, Ulu Öndər hər zaman elmin, təhsilin inkişafına xüsusi diqqət yetirib və gələcəkdə müstəqil Azərbaycana bacarıqlı, peşəkar kadrların lazım olacağını qabaqcadan bilərək, bu istiqamətdə konkret addımlar atıb. Məhz Ulu Öndər Heydər Əliyevin sayəsində yüzlərlə məktəb binası tikilərək istifadəyə verilib, yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin qabaqcıl elm və təhsil mərkəzlərinə göndərilib, Azərbaycanın təhsil sistemi təkmilləşdirilib və dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb. Azərbaycanlı gənclərin hərbi peşəyə yiyələnməsi məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb istifadəyə verilib.
Fizika və texniki fənlər fakültəsinin dekanı Muğan Quliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təhsil sahəsinin inkişafına diqqət və qayğısı sayəsində ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı peşəkar kadrların hazırlanması istiqamətində böyük uğurlar əldə olunub. Hazırda elm və təhsil sahəsindəki islahatlar Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə Ümumi texniki fənlər və texnologiya kafedrasının müdiri Elçin Cavadov, Fizika kafedrasının müdiri Niyazi Quliyev, Təsviri incəsənət kafedrasının baş müəllimi Əbülfət Məhərrəmov və tələbələr mövzu ətrafında çıxış ediblər.
Sonda fakültə tələbələrinin əl işlərindən ibarət Ümummilli Lider Heydər Əliyevə həsr edilən portretlər nümayiş olunub. Bacarığı ilə seçilən tələbələr Aidə Şəmilov və Emin Səfərov 1-ci yerə, Fatimə Əliyeva 2-ci yerə, Heydər Qurbanov, Orxan Aydınlı, Aysel Həmidova isə 3-cü yerə layiq görülüblər. Gənclər diplom və hədiyyələrlə təltif olunublar.