ONUN ARZUSU YAXŞI MÜTƏXƏSSİS OLMAQ VƏ XALQIMIZI LAYİQİNCƏ TƏMSİL ETMƏKDİR
Rusiyadakı azərbaycanlılar... Görəsən, Vətəndən uzaqda yaşamaq çətindirmi? Dövlət qulluğunda, xüsusilə, hüquq mühafizə orqanlarında irəliləmək nə dərəcədə çətindir?
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rusiyadakı azərbaycanlı gənclərin çoxsaylı nümayəndələrindən biri, 20 yaşlı Orxan Cəlilov Moskva Daxili İşlər İdarəsinin 1 nömrəli Milis Kollecini bitirərək, kiçik milis leytenantı zabit rütbəsi almışdır. Ötən il Moskvanın Şimal-Şərq inzibati dairəsindəki Altufyev rayonunun daxili işlər şöbəsində müstəntiq vəzifəsinə təyin olunmuşdur, kiçik və orta ağır cinayət işlərini təhqiq edir.
Öldürməklə hədələmə, oğurluq və soyğunçuluq kimi müxtəlif məzmunlu cinayətlərin təhqiqi Orxanın bilavasitə iştirakı ilə başa çatdırılmışdır. İşlədiyi dövrdə, yəni bir il ərzində 87 cinayət işi araşdırmışdır ki, bu da rəhbərliyin ona etimad göstərməsindən xəbər verir.
Orxan uşaqlıqdan Suvorov hərbi məktəbinə daxil olmaq arzusunda idi, lakin bu məktəb hərbi akademiyaya qəbul edilməkdən savayı, heç bir ixtisas vermirdi. Ona görə də milis kollecinə daxil olmaq qərarına gəlir, buranı bitirərək zabit rütbəsi alır. Lakin onun qənaətincə, hüquqşünas peşəsi daha sanballı biliklər tələb edir, ona görə də təhsilini A.S.Puşkin adına Sankt-Peterburq Dövlət Universitetinin Moskva filialının hüquq fakültəsində davam etdirir.
Hazırda Moskvada formalaşmış millətlərarası münasibətlər burada Qafqaz xalqlarının nümayəndələrinə qarşı bir qədər qərəzli münasibət yaratmışdır. Buna qafqazlılarla birbaşa və dolayısı bağlı olan ayrı-ayrı mənfi hallar da təsir göstərir. Lakin Orxanın milli mənsubiyyəti böyük gələcəyi olan gənc kimi nüfuz qazandığı kollektivin ona münasibətinə təsir göstərmir. Bu, Orxanın həyat amalı ilə - təmizliyi və prinsipiallığı, öz xalqını Vətənin hüdudlarından kənarda layiqincə təmsil etmək, hüquq elmləri sahəsində dərin bilik nümayiş etdirmək, hər bir halda vicdanlı hərəkət etmək istəyi ilə bağlıdır. Belə keyfiyyətlər həmişə hər yerdə yüksək qiymətləndirilir.
O.Cəlilov öz həmvətənləri ilə diaspor fəaliyyəti çərçivəsində də sıx əlaqə saxlayır. Onun çoxlu şəxsi dostu, həmkarı, o cümlədən azərbaycanlı həmməsləki vardır.