Orxan Məmmədov: KOBİA-nın Naxçıvanda 5 nümayəndəsi olacaq
Naxçıvan, 19 aprel, AZƏRTAC
Sevindirici haldır ki, “Kiçik və Orta Biznesin Dostu” (KOB Dostu) Naxçıvan Muxtar Respublikasında fəaliyyətə başlayır. “KOB Dostu” Naxçıvan şəhərini və ətraf rayonları əhatə edəcək. Burada 5 nümayəndəmiz olacaq. Onlar artıq təyin ediliblər.
AZƏRTAC xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Naxçıvanda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, məqsəd Naxçıvanın iqtisadi potensialından maksimum istifadə etməklə KOB dostları vasitəsilə sahibkarlığın inkişafına və yeni KOB subyektlərinin yaranmasına dəstək olmaq, eləcə də KOBİA-nın dəstək və xidmətlərini Naxçıvan sahibkarları üçün daha əlçatan etməkdir.
Qeyd edək ki, bu gün Naxçıvanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətə başlaması münasibətilə Naxçıvan Biznes Mərkəzində görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov və naxçıvanlı sahibkarlar iştirak ediblər.
Tədbirdən sonra qonaqlar “Bolmart” supermarketlər şəbəkəsinin Naxçıvan filialının açılışını ediblər.