OSLODAKI NOBEL SÜLH MƏRKƏZİ MALİYYƏ ÇƏTİNLİYİ İLƏ ÜZLƏŞMİŞDİR
G.Lundestad etiraf edir ki, özəl sponsorlardan daxil olmuş və 2008-ci ilədək nəzərdə tutulan maliyyə vəsaiti əslində tükənmişdir. Şura dövlətdən 30 milyon krona (4,6 milyon dollar) almaq ümidində idi, lakin hökumətin təqdim etdiyi büdcə layihəsində yalnız 17,3 milyon krona vəsait nəzərdə tutulmuşdur. Bu pulun xeyli hissəsini – 14 milyon kronanı NSM-in yerləşdiyi keçmiş dəmir yol stansiyası binasının rəsmi sahibi Statsbygg dövlət konserninə icarə haqqı kimi xəzinəyə qaytarmaq lazım gələcəkdir. Yerdə cəmi 3,3 milyon krona qalır ki, bu da əməkdaşların əksəriyyətinin işdən azad olunması deməkdir.
Norveç parlamenti NSM şurasının tərkibini 2000-ci ildə təsdiq etmişdir. Nobel İnstitutu kimi, maliyyələşdirmə də Norveç Nobel Komitəsinin nəzarətindədir. Onun üzvlərini hər il Nobel mükafatını vermək üçün Norveç parlamenti təyin edir. Lundestad isə həm Nobel İnstitutunun direktoru, həm də Nobel Komitəsinin katibidir.
Lakin NSM Alfred Nobelin bu mükafatın verilməsi üçün ayırdığı vəsaitdən birbaşa maliyyələşdirilmir. Mərkəzin saytının məlumatına görə, NSM vəsaiti sponsor dəstəyini, bilet satışından gəlirləri və ictimai maliyyələşdirməni uyğunlaşdıraraq almalıdır.