Ötən ay “Əlçatan metro” layihəsindən istifadə edənlərin sayı artıb
Bakı, 3 aprel, AZƏRTAC
“Bakı Metropoliteni” QSC-də 2019-cu ilin aprel ayından istifadəyə verilmiş “Əlçatan metro” layihəsinin də sərnişinlərinin sayı artmaqdadır.
QSC-dən AZƏRTAC-a bildirilib ki, bu xidməti sifariş edənlərin statistikasının müqayisəli təhlilinə əsasən, 2023-cü ilin eyni dövrlərinə nəzərən, yanvar ayında 33,7 faiz, fevralda 50,7 faiz artıq müraciət qeydə alınıb.
Mart ayının müqayisəli statistikası da artan templə davam edib. Ay ərzində 92 sifarişin hamısı yerinə yetirilib və xidmətdən imtina edən olmayıb.
Qeyd edək ki, ötən ilin mart ayında layihədən 70 nəfər istifadə edib. Bu isə təxminən 23,9 faiz artım deməkdir.
Ümumən, son iki ilin ilk rüblərini müqayisə etdikdə, “Əlçatan metro” layihəsinə müraciət edənlərin sayında builki artım 37,8 faiz təşkil edib.