Ötən il “ASAN Login” istifadəçilərinin sayı üç dəfədən çox artıb
Bakı, 12 mart, AZƏRTAC
Fəaliyyətini dövlət-dövlət, dövlət-vətəndaş və dövlət-özəl istiqamətli elektron xidmətlərə fokuslanaraq davam etdirən Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) elektron xidmətlərin göstərilməsi və inkişafı üçün vətəndaşlara xidmət edir.
Vətəndaşlar arasında daim müxtəlif sorğular keçirərək onların ehtiyaclarını müəyyən edən və araşdırmalar apararaq beynəlxalq təcrübədə texnoloji innovasiyanı yaxından izləyən EHİM bu dəfə “ASAN Login” sistemi üzrə yeni imkanı vətəndaşların istifadəsinə təqdim edib. Belə ki, “ASAN Login” Vahid Giriş Sistemində səs və üztanıma kimi innovativ həllərə əsaslanan videoqeydiyyat imkanı yaradılıb.
AZƏRTAC xəbər verir ki, bunu EHİM-in direktoru Fariz Cəfərov deyib.
“Videoqeydiyyat “ASAN Login” sisteminin vətəndaşlar üçün əlçatanlığını və elektron xidmətlərdən istifadəni daha da genişləndirmək məqsədilə yaradılıb. Hazırda inteqrasiya olunan sistemlərlə birlikdə 52 sistemə girişi təmin edən “ASAN Login” bir çox istifadəçi adı və parolu yadda saxlamaq ehtiyacını aradan qaldırır, məlumat sızması təhlükəsini minimuma endirir. Bir dəfə “ASAN Login”də qeydiyyatdan keçən vətəndaş bura inteqrasiya edilmiş bütün qurum və sistemlərə giriş edə və göstərilən xidmətlərə rahat şəkildə müraciət edə bilər. Sistem vətəndaşlara zamana qənaət etmək və məlumatları vahid məkandan idarə etmək imkanlarını yaradır. Məhz bu üstünlüklər sayəsində 2020-ci ildə “ASAN Login”də istifadəçi sayı 2019-cu illə müqayisədə 3 dəfədən çox artaraq 1 milyon 741 min təşkil edib. “ASAN Login”də dörd cür giriş sistemi mövcuddur: identifikasiya nömrəsi, “ASAN İmza” ilə, elektron imza, BSXM-in (Bank Sertifikat Xidmətləri Mərkəzi) imzası ilə. “ASAN Login”də gücləndirilmiş elektron imzası - yəni “ASAN imza” və ya elektron imzası olmayan vətəndaşlar identifikasiya nömrəsi ilə qeydiyyatdan keçirlər. Bu zaman vətəndaşın mobil nömrəsinin onun öz adına olması mütləqdir. Mobil nömrəsi öz adına olmayan vətəndaşlarda isə qeydiyyat keçməkdə müəyyən çətinliklər yaranırdı. Hazırda isə identifikasiya nömrəsi ilə qeydiyyat bölməsində yeni yaradılmış videoqeydiyyatın köməyi ilə vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə biləcəklər. Beləliklə, videoqeydiyyat öz adına mobil nömrə olmayan vətəndaşlar üçün də bir çox elektron xidmətlərə müraciət etmək imkanı yaradır.
“ASAN Login”də artıq qeydiyyatdan keçmiş vətəndaşların isə videoqeydiyyatdan keçməsinə ehtiyac yoxdur. Bundan əlavə, şifrəni unudan və şifrəni bərpa etmək üçün aktiv mobil nömrəsi əlçatan olmayan vətəndaşlar videoyazı vasitəsilə sistemə digər aktiv mobil nömrəni əlavə edərək unudulmuş şifrəni bərpa edə bilərlər.
“ASAN Login” sistemi ilə bağlı yaranan suallara asanlogin.my.gov.az saytında “Tez-tez verilən suallar” bölməsində baxmaqla və ya 108 “Çağrı mərkəzi”ndən məlumat almaqla cavab tapmaq olar. Həmçinin ilkin pilot layihə çərçivəsində 5 saylı Bakı “ASAN xidmət” mərkəzində “E-Gov pəncərəsi”nə aidiyyəti mövzu ilə bağlı müraciət etmək mümkündür.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi həm də fəaliyyətinin 3 ilini qeyd edir. Daim innovativ texnologiyaları tətbiq edən mərkəz dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, inteqrasiyası və effektiv idarə edilməsi üzrə koordinasiyanı həyata keçirir, vətəndaşlara e-xidmətlərin göstərilməsi təmin edilir”, - deyə F.Cəfərov qeyd edib.
O, həmçinin bildirib: “ASAN xidmət” mərkəzlərində vətəndaşlara 11 dövlət qurumu tərəfindən 308 növ xidmət göstərilir. Mərkəzlərə müraciət sayı 42 milyondan çoxdur. Mərkəzin xidmətlərindən yararlanan unikal vətəndaşların sayı 7.3 milyonu keçib.
Ötən il “myGov” portalından ümumi istifadə sayı 3 milyon 507 min 143 olub. Portalın istifadəçilərinin sayı 447 min 280 nəfərə çatıb. Portal vasitəsilə 3 milyon 249 min bildiriş göndərilib: “Portalın xidmətlərinin ümumi sayı 11 milyon 530 min təşkil edib. Portaldan istifadənin orta yaş həddi 36-dır. “myGov” istifadəçilərinin 78 faizi kişilər, 22 faizi isə qadınlardır.
Bununla yanaşı, ötən il “ASAN Login” sistemindən istifadə sayı 14 milyon 105 min 889 olub. İstifadəçi sayı isə 1 milyon 192 min 182 nəfərə çatıb. Sistemdən ümumi istifadə sayı 16 milyon 214 min 815, ümumi istifadəçi sayı isə 1 milyon 741 min 655-dir.
2020-ci ildə elektron hökumət portalının - eGov.az-ın xidmətlərindən istifadə sayı 38 milyon, istifadəçi sayı isə 1 milyon 270 min olub”.
“ASAN ödəniş” sistemi haqqında məlumat verən mərkəzin direktoru bildirib ki, ötən il sistem vasitəsilə 1,4 milyon ödəniş həyata keçirilib.
“Xüsusi karantin rejimi dövründə www.icaze.e-gov.az portalı vasitəsilə 139 min 63 qurumun fəaliyyətinə icazə verilib. İcazə verilən vətəndaşların sayı 1 milyon 279 min 123 nəfər, nəqliyyat vasitələrinin sayı isə 484 min 238 olub. Gündəlik ehtiyaclar və təxirəsalınmaz zəruri hallarda icazələrin alınması üçün 8103 SMS icazə sisteminə 5 milyon 715 min 699 nəfər müraciət edib. 8103 qısa nömrəsinə 112 milyon 561 min 379 SMS göndərilib. Həmin SMS-lərdən 95 milyon 105 min 177-nə müsbət cavab verilib”, - deyə F.Cəfərov diqqətə çatdırıb.