Ötən il təhlükəli hidrometeoroloji hadisələr haqqında 174 xəbərdarlıq tərtib olunub
Bakı, 15 fevral, AZƏRTAC
Hesabat dövründə Azərbaycanın 7 iqlim bölgəsi üzrə ümumi sayı 13600-ə yaxın yarımsutkalıq, sutkalıq, ikisutkalıq, 5-10 günlük və aylıq hava proqnozu, Xəzər dənizinin 6 rayonu üzrə 12400 yarımsutkalıq, sutkalıq, ikisutkalıq, 5-10 günlük, Kür və Qanıx çayları üzrə 434 sutkalıq axım proqnozu, Kür çayının aşağı hissəsində üç məntəqə (Kür-Surra, Şirvan, Salyan) üzrə iki və üç sutkalıq 746 səviyyə proqnozu, 3 çay üzrə 36 ongünlük su sərfi proqnozu, 15 çay üzrə 12 aylıq proqnoz, Kür, Araz, Qanıx çayları üzrə 4 fəsillik axım proqnozu tərtib olunub. Abşeron rayonu üzrə 41-i təhlükəli, 14-ü xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında 174 xəbərdarlıq tərtib olunub.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsini”nin Tədbirlər Planının 7.1.1-ci “İqlim dəyişmələrinin kənd təsərrüfatına təsirlərinin qiymətləndirilməsi və adekvat adaptasiya planının hazırlanması” yarımbəndinin icrası ilə əlaqədar ilkin olaraq iqlim dəyişmələrinin kənd təsərrüfatına təsirlərinə dair statistik məlumatların təhlili və məlumat bazasının təkmilləşdirilməsi işlərinə başlanılıb və eyni zamanda, müasir metodlara əsaslanan iqlim ssenariləri hazırlanıb.
Eyni zamanda, qeyd olunan Tədbirlər Planının 7.2.2-ci “Kənd təsərrüfatı sektorunda karbon qazı emissiyasının azaldılması” yarımbəndinin icrası ilə əlaqədar bitkiçilikdə və heyvandarlıqda karbon qazı emissiyasının azaldılması tədbirləri hesabına təsərrüfatlarda formalaşan peyinlərdən yaranan metan qazının yığılması və bərpa olunan enerji kimi istifadəsinin təşviq olunması məqsədilə Yevlax, Bərdə, Tərtər, Füzuli, Ağsu, Ağdaş, Şəki, Qəbələ, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarında heyvandarlıqla məşğul olan fermer təsərrüfatlarının, eləcə də yerli icra hakimiyyəti və kənd təsərrüfatı idarələrinin nümayəndələrinin iştirakı ilə təşviqat tədbirləri keçirilib.
Bundan başqa 7.2.2-ci “Kənd təsərrüfatı məqsədləri üçün hava şəraitinə müdaxilə və doludan müdafiə sisteminin yaradılması imkanlarına baxılması” yarımbəndinin icrası ilə bağlı 1967-1991-ci illərdə ölkə ərazisində həyata keçirilmiş doluya qarşı mübarizə tədbirləri və onların nəticələri haqqında hesabat hazırlanıb. Eyni zamanda, hazırda mövcud olan və ləğv olunmuş doluya qarşı mübarizə məntəqələrinin inventarlaşdırılması işləri aparılıb və Ağstafa, Tovuz, Göygöl, Şamaxı, İsmayıllı və Şəki radiometeoroloji stansiyalarında mövcud olan radiolokasiya və raket-artilleriya vasitələri və onların texniki vəziyyəti qiymətləndirilib.