Ötən il texniki baxışa gətirilən 285 avtomobilin qeydiyyat sənədlərində uyğunsuzluqlar aşkarlanıb VİDEO
Bakı, 8 yanvar, AZƏRTAC
Ötən il avtomobilini texniki baxışa təqdim edən xeyli sayda sürücünün ciddi qayda pozuntularına yol verdiyi aşkarlanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, il ərzində dövlət texniki baxışına təqdim olunan nəqliyyat vasitələrinin müayinəsi zamanı Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzinin əməkdaşları tərəfindən 285 avtomobilin mühərrik, ban, şassi nömrələrinin qeydiyyat sənədlərindəki uçot göstəriciləri ilə uyğunsuzluq təşkil etməsi müəyyənləşdirilib. Həmin nəqliyyat vasitələri mühafizə olunan duracağa yerləşdirilib, sənədləşmə aparılıb. Aşkarlanan faktlar araşdırmaların aparılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilib. Uyğunsuzluqlar əsasən, həmin avtomobillərin mühərriklərində aşkarlanıb. Məlum olub ki, sürücülər nəqliyyat vasitələrinin mühərriklərini nasazlıq səbəbindən dəyişdirsələr də, bu barədə polisə məlumat verməyiblər. Amma qaydalara görə, mühərrik dəyişdirilərkən üzərindəki nömrə Baş Dövlət Yol Polisi idarəsində avtomobilin texniki pasportunda mütləq qeyd edilməlidir.
Həmçinin ötən il texniki baxışa təqdim edilən, digər qaydaları pozan sürücülər də aşkar olunub. Belə ki, son zamanlar texniki baxış müddəti bitmiş nəqliyyat vasitələrinin sürücüləri avtomobillərini texniki baxışa gətirərəkən yolda xüsusi texniki vasitələr tərəfindən aşkarlanan qayda pozuntularından yayınmaq üçün eyni markalı, lakin başqa avtomobilə məxsus dövlət qeydiyyat nişanlarını nəqliyyat vasitələrinə bağlayırlar. Bu cür hallar da mərkəzin əməkdaşları tərəfindən aşkarlandıqda həmin sürücülər inzibati məsuliyyətə cəlb olunurlar. Avtomobilin mühərrik nömrəsini texniki pasportda qeyd etdirməyən sürücülər aşkarlandıqda inzibati qaydada 50 manat məbləğində cərimələnirlər. Sürücülərə tövsiyə olunur ki, nəqliyyat vasitələrini texniki cəhətdən saz saxlamaqla vaxtında texniki baxışa təqdim etsinlər.