MƏDƏNİYYƏT
Ötən il xarici turistlər Dubayda 22,8 milyard dirhəm xərcləyiblər
Dubay, 23 aprel, AZƏRTAC
2018-ci ildə Səudiyyə Ərəbistanı, ABŞ və Böyük Britaniya vətəndaşları Dubaya turizm səfərləri zamanı xərclərin həcminə görə lider olublar.
AZƏRTAC xəbər verir ki, “Visa” beynəlxalq ödəniş sisteminin “Visa” kartları ilə icra edilən tranzaksiyalar haqqında hesabatlara əsasən dərc edilmiş məlumatlarında Səudiyyə Ərəbistanından olan turistlər ümumilikdə 4,8 milyard dirhəm, ABŞ-dan olan turistlər - 2,4 milyard dirhəm, Böyük Britaniyadan olan turistlər isə 2 milyard dirhəm xərcləyiblər. İl ərzində “ən bədxərc” turistlərin ilk onluğuna Çin vətəndaşları - 1,3 milyard dirhəm, rusiyalılar - 1,2 milyard dirhəm, hindistanlılar - 1,2 milyard dirhəm, küveytlilər - 1,1 milyard dirhəm xərcləməklə daxildirlər. Sonrakı yerlərdə Oman, Bəhreyn və Avstraliyadan olan turistlər qərarlaşıb.
BƏƏ-yə gələn turistlər tərəfindən “Visa” kartları üzrə tranzaksiyaların ümumi sayı əvvəlki illə müqayisədə 22 faiz artıb. Ümumi gəlirlərin həcmi 2017-ci ildəki 21,7 milyard dirhəmdən (5,94 milyard dollar) 22,8 milyard dirhəmə (6,24 milyard dollar) çatıb. Bununla yanaşı, ən çox vəsait səfərlərə - 9,2 milyard dirhəm, dəbli geyim və aksesuarlara - 3,8 milyard dirhəm, zinət əşyalarına - 2 milyard dirhəm, restoranlarda qidalanmaya - 1,8 milyard dirhəm, həmçinin asudə vaxt və əyləncəyə - 959 milyon dirhəm xərclənib.
Qeyd edək ki, 2018-ci ildə Dubayı 15,8 milyon nəfər ziyarət edib və Əmirliklər buraya gələnlərin sayına görə dünya şəhərləri arasında 6-cı yerdə olub.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Dubay