Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafında dövlət başçılarının səfərləri böyük əhəmiyyətə malikdir
Bakı, 23 avqust, AZƏRTAC
Şavkat Mirziyoyevin növbəti dəfə Özbəkistan Prezidenti seçilməsindən sonra Azərbaycana ilk səfəridir. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, ekspert Tural İsmayılov bildirib. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsini şərtləndirir. Azərbaycan get-gedə daha böyük geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunda Özbəkistanın əsas tərəfdaşıdır. Hər iki dövlət istər regional, istərsə də beynəlxalq xarakterli bir çox məsələlərdə oxşar mövqe tuturlar. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Prezidenti olduğu dövrdə təməli qoyulan Azərbaycan-Özbəkistan əlaqələrinin XXI əsrin ilk onilliyində dinamik müstəviyə çıxması heç də təsadüf sayıla bilməz. Prezident İlham Əliyevin Şərq ölkələri, eləcə də türkdilli dövlətlərlə bağlı siyasətinin təhlili göstərir ki, Türk dünyasının inkişafında rəsmi Bakının kifayət qədər böyük payı var. İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatında təmsil olunan bu iki ölkə arasında münasibətlərin siyasi, sosial-iqtisadi, humanitar və maraq doğuran digər qarşılıqlı sahələrdə əməkdaşlığının daha da genişləndirilməsi nəzərdə tutulur.
Bakı ilə Daşkənd arasında qurulan yüksək səviyyəli əməkdaşlıq hər iki dövlətin, eləcə də xalqların ümumi maraqlarına xidmət edir.
T.İsmayılov əlavə edib ki, mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək.
Ekspert qeyd edib ki, Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.