Özbəkistan Dövlət Televiziyasında yayımlanan “Mənbələr sözləşəndə” verilişinin növbəti buraxılışı Qarabağ bölgəsinə həsr olunub
Bakı, 5 sentyabr, AZƏRTAC
Özbəkistan Dövlət Televiziyasında yayımlanan “Mənbələr sözləşəndə” verilişinin növbəti buraxılışı Azərbaycanın 30 ildən sonra erməni işğalından azad etdiyi Ağdam, Füzuli, Şuşa və Laçın rayonlarına həsr olunub. Tanınmış jurnalist Dildora Həsənovanın aparıcısı olduğu verilişdə azad edilmiş rayonlarda işğalın ağır nəticələri, infrastrukturun tamamilə dağıdılması və Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-quruculuq işlərindən söhbət açılıb.
Bu barədə AZƏRTAC-a Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Xatırladaq ki, Mərkəzin təşəbbüsü və dəstəyi ilə özbək kütləvi informasiya vasitələri nümayəndələrinin bir qrupu Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə növbəti dəfə səfər edib. Səfərlə bağlı Özbəkistan KİV-lərində bir çox reportaj və verilişlər yayımlanıb.
Verilişdə əvvəlcə erməni işğalı zamanı dağıdılmış Ağdam şəhərindən görüntülər təqdim edilib. Erməni vandalları tərəfindən xarabalığa çevrilmiş şəhərin “Qafqazın Xirosiması” adlandırıldığı vurğulanıb. Həmçinin şəhərdə vandallığa məruz qalmış tarixi və dini abidələr, Ağdam Cümə məscidi, həyata keçirilən yenidənqurma işləri barədə ətraflı məlumat verilib. Şəhərin Azərbaycan dövləti tərəfindən müasir tələblər səviyyəsində sürətlə yenidən qurulduğu qeyd edilib.
Bundan başqa, verilişdə işğaldan azad olunmuş Füzuli rayonunun ermənilər tərəfindən dağıdılmış kəndləri, tamamilə məhv edilmiş şəhərin mənzərəsi nümayiş olunub, işğalın dəhşətli nəticəsi barədə söhbət açılıb. Jurnalist işğalçıların təkcə binaları, infrastrukturu deyil, təbiəti də məhv etdiklərini, qarşılaşdığı mənzərənin dəhşətli olduğunu bildirib. Yeni qurulmuş Füzuli Beynəlxalq Hava Limanı, Özbəkistan dövlətinin vəsaiti hesabına tikilmiş Füzuli şəhər Mirzə Uluqbəy adına 1 saylı orta məktəb və Füzulidə görülən yenidənqurma işləri barədə tamaşaçılara məlumat verilib.
Həmçinin qədim Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin, musiqisinin beşiyi olduğu qeyd edilib. Şuşanın əsrarəngiz təbiətindən söz açan jurnalist buranın dünyanın ən gözəl təbiətə malik bölgələrindən biri olduğunu söyləyib.
Verilişdə özbək jurnalistlərin mediaturun növbəti günündə Laçın şəhərinə səfər etdikləri vurğulanıb. Bu şəhərdə Azərbaycan dövləti tərəfindən aparılan yenidənqurma işləri, böyük qayıdışla bağlı geniş reportaj təqdim olunub.
Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə hər il Özbəkistanın aparıcı media qurumlarının nümayəndələri Azərbaycanın işğaldan azad olunmuş rayonlarına səfərlər edir, reportaj, veriliş və sənədli filmlər hazırlayırlar.