SİYASƏT
Özbəkistan mətbuatında “Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Daşkənd, 29 dekabr, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə keçirilən 2017-ci ildə Özbəkistan mətbuatında “Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi” müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, AMM-də keçirilən tədbirdə Özbəkistan mətbuatında çalışan jurnalistlər, diasporumuzun üzvləri iştirak ediblər.
Qeyd edək ki, 2017-ci ildə jurnalistlər arasında “Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi” müsabiqəsi elan olunub, müsabiqədə 3 nominasiya üzrə “Azərbaycan və Özbəkistan əməkdaşlığı: qədimdən müasir dövrədək”, “Azərbaycan və İslam həmrəyliyi”, “Azərbaycanda ekoturizm və müalicəvi turizm” üzrə məqalələr qəbul edilib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ölkəmizin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı, ədəbiyyatı, habelə 2017-ci ildə Azərbaycan-Özbəkistan dostluğunu fəal təbliğ edən yerli jurnalistlərə fəxri fərmanlar və pul mükafatları verib, onları bu uğur münasibətilə təbrik edib.
Mükafat alanlar arasında Özbəkistanın tanınmış jurnalistləri - Maqsad Caxangirov, Lola Raxmanboeva, Obidcon Şofiyev, Rimma Sabircanova, Qamaraddin Şayxov, Yuriy Kortsunsov, Tulkin Eşbekov, Boris Babayev, Sobircan Yoqubov, Mixail Dovlatov və başqaları var.
Azərbaycanın “Palitra” qəzeti iki ölkə arasında dostluq əlaqələrinin, AMM-nin çoxsaylı layihələrinin təbliği sahəsindəki fəaliyyətinə görə qəzetin əməkdaşı Tural Tağıyev fəxri fərmana layiq görülüb.
“2017-ci ildə Azərbaycan-Özbək ədəbi əlaqələrini araşdıran və təbliğ edən ilin fəal azərbaycanlı və özbək alimləri” nominasiyası üzrə fəxri fərmanlar Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri, filologiya elmləri doktoru, Almaz Ülvi Binnətovaya, Özbəkistan tərəfindən isə bu mükafat Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurovaya təqdim olunub.
Azərbaycan ədəbiyyatından “İlin ən yaxşı tərcümə əsərləri” nominasiyasına görə Muxammadəmin Toxliyev Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti: Xocalı soyqırımı” əsərini özbək dilinə tərcümə etdiyinə görə fəxri fərmana layiq görülüb. Tərcüməçi Rüstəm Cabbarov isə Azərbaycan yazıçısı Vaqif Sultanlının “Ölüm yuxusu” kitabını özbək dilinə çevirdiyinə görə fəxri fərman alıb.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov Hüseyn Quliyevə Cəmiyyətin fəxri fərmanını təqdim edib.
Tədbir Mədəniyyət Mərkəzinin “Odlar yurdunun naxışları” adlı Azərbaycan xalçaları salonunda rəsmi ziyafətlə başa çatıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd