Özbəkistan nümayəndə heyətinə ölkəmizdə aparılan sosial islahatlar barədə məlumatlar verilib
Bakı, 7 sentyabr, AZƏRTAC
Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin sədr müavini Cəmşid Abruyevin başçılıq etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində, Dövlət Sosial Müdafiə Fondunda, Sosial Xidmətlər Agentliyində və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nümayəndə heyətinə son illər dövlət sosial xidmətlərinin elektronlaşdırılması, pensiya təminatı və sosial sığorta sahələrində aparılan islahatlar və əldə olunan uğurlar barədə məlumat verilib. Azərbaycanın sosial xidmətlər sistemi, həmin sistemin təkmiləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi sahəsində atılan addımlar, “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın hədəfləri diqqətə çatdırılıb.
Ölkəmizdə əlillik və reabilitasiya sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsi, müasir reabilitasiya infrastrukturunun qurulması və reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində son beş ildə həyata keçirilən islahatların uğurları barədə məlumat verilib.
Görüşlər zamanı həmin sahələrdə gələcək əməkdaşlığa dair fikir mübadilələri aparılıb.