Özbəkistan paytaxtında üçüncü qastronomik küçə olacaq
Bakı, 19 iyul, AZƏRTAC
Daşkənd şəhərində daha bir küçə qastronomik olacaq və əyləncə mərkəzinə çevriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə özbək mediası paytaxtın Yaşnabad rayonunun icra hakimiyyəti orqanına istinadla məlumat yayıb.
Layihənin həyata keçirilməsində iştirak edən “Mikrokreditbank”ın mətbuat xidməti bildirib ki, paytaxtın bu rayonunun Sadık Azimov küçəsi şəhər sakinləri və qonaqlar üçün 24 saatlıq əyləncə mərkəzinə çevriləcək və əcnəbi turistləri cəlb edəcək.
Layihədə orijinal işıqlandırma, skamya və tullantı qablarının qoyulması, dekorativ ağacların əkilməsi, suvarma sistemlərinin quraşdırılması, musiqi sisteminin təşkili, dekorativ tağların və sütunların yaradılması nəzərdə tutulur. Küçədə foto zonaları, səkilər və velosiped yolları, dayanacaqlar, uşaq meydançaları və 3D monitorlar da olacaq.
Özbək mediası qeyd edir ki, əyləncə mərkəzinə çevriləcək küçədəki bütün ictimai iaşə və pərakəndə satış məntəqələri xarici valyutada ödənişləri qəbul edən terminallarla təchiz olunacaq, burada gecə-gündüz işləyən müasir bankomatlar və məlumat köşkləri quraşdırılacaq.

Eyni zamanda, bəzi mətbuat orqanları bu ərazinin qastronomik küçəyə çevrilməsi xəbərinin sosial şəbəkələrdə mənfi rəylərə səbəb olduğunu yazır. İstifadəçilər gecələr yüksək səsli musiqinin yaxınlıqdakı evlərin sakinlərini narahat edəcəyindən, avtomobillərin küçə ilə hərəkətinin çətinləşəcəyindən ehtiyat edirlər.