Özbəkistan Prezidentinin Azərbaycana səfəri münasibətlərimizin daha da genişlənməsinə töhfə verəcək
Bakı, 22 avqust, AZƏRTAC
Azərbaycan Özbəkistan ilə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq edir. Ölkələrimiz arasında nəqliyyat, logistika, kənd təsərrüfatı ilə yanaşı, birgə sərmayə qoyuluşları da prioritetləşməkdədir. Hər iki ölkə müxtəlif beynəlxalq qurumlarda, o cümlədən Türk Dövlətləri Təşkilatında sıx və məhsuldar əməkdaşlıq formalaşdırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, iki ölkə arasındakı strateji münasibətlər son illər daha da dərinləşməkdədir. Son 5 ildə tərəflər arasında ticarət dövriyyəsi 4.2 dəfə artaraq 2022-ci ildə 183.3 milyon dollara çatıb. Ölkələrimizin ticarət dövriyyəsi son 5 ildə hər il əvvəlki ilə nisbətən artıb. Belə ki, 2018-ci ildə 43.9 milyon dollar olan ticarət dövriyyəsi 2019-cu ildə 81.9 milyon dollar, 2020-ci ildə 82.3 milyon dollar və 2021-ci ildə 111.9 milyon dollaradək yüksəlib. Bu da tərəflər arasındakı strateji münasibətlərin inkişaf səviyyəsini göstərən əsas meyarlardan hesab olunur. Türk Dövlətləri Təşkilatının üzvləri olaraq tərəflər həm qeyri-enerji, həm də enerji sahəsində yeni strateji əməkdaşlıq potensialına malikdirlər.
“Özbəkistan Füzuli şəhərində müasir standartlara uyğun orta məktəb inşa edib. Bu isə tərəflərin, həmçinin humanitar və digər istiqamətlərdə də əməkdaşlığından xəbər verir. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri ölkələr arasında münasibətlərin inkişafına xüsusi təkan verir. Bu baxımdan, Özbəkistan Prezidentinin Azərbaycana səfəri də münasibətlərimizin daha da dərinləşməsinə töhfə verəcək. Türk dövlətləri arasındakı strateji münasibətlər inkişaf edir və daha da dərinləşir. Bu, Azərbaycan-Özbəkistan münasibətlərində özünü bir daha təsdiq etməkdədir”, - deyə ekspert qeyd edib.