ÖZBƏKİSTAN QƏZETLƏRİ PREZİDENT İSLAM KƏRİMOVUN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİNİ GENİŞ İŞIQLANDIRMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Özbəkistan qəzetləri dövlət başçısı İslam Kərimovun Azərbaycana rəsmi səfərini geniş işıqlandırmışdır.
“Narodnoe slovo” qəzeti yazır: “İslam Kərimovun Bakıya rəsmi səfəri bir daha göstərir ki, Özbəkistan və Azərbaycan arasında əlaqələr qarşılıqlı faydalı əməkdaşlığa, möhkəm dostluq prinsiplərinə əsaslanır. Şübhə yoxdur ki, Özbəkistan ilə Azərbaycan arasında əməkdaşlıq gələcəkdə də daim inkişaf etdiriləcək və yeni məzmun kəsb edəcəkdir”.
“Pravda vostoka” qəzeti “Əməkdaşlığın yeni mərhələsi” sərlövhəli məqaləsində yazır ki, Özbəkistanın və Azərbaycanın dövlət başçıları İslam Kərimov və İlham Əliyev danışıqlarda ölkələr arasında ticarət-iqtisadi, elmi-texniki, nəqliyyat kommunikasiyaları, sərmayə qoyuluşu, humanitar sahələrdə əməkdaşlıq məsələlərini geniş müzakirə etmiş, humanitar sahələrdə əlaqələrin dərinləşdirilməsinə xüsusi diqqət yetirmişlər. Bu əlaqələrin qədim kökləri vardır. Azərbaycanda elə adam tapmaq olmaz ki, Nəvai və Baburun şeirlərini, Özbəkistanda isə bu cür adama çətin rast gələsən ki, Nizami və Füzulinin əsərlərini oxumamış olsun”.
“Xalq sözü” qəzeti “Əsrlərin sınağından çıxmış dostluq” sərlövhəli materialında İslam Kərimovun Bakıda Əlişir Nəvainin abidəsinin açılışındakı çıxışından bir parça vermişdir: “Bu gün biz İlham Heydər oğlu ilə birlikdə özbək xalqının böyük oğluna, özbək ədəbiyyatının banisinə, özbək poeziyasını yaratmış insana ucaldılmış abidəni açırıq. Bu insan bizim də müasirimizdir. Ona görə ki, Nizaminin və Əlişir Nəvainin gördükləri işlər bu gün bizim həyatımızda yaşayır. Nizaminin və Əlişir Nəvainin irsi olmadan bizim bugünkü nəsil tərbiyə oluna bilməz. Onların irsi bizim güc aldığımız mənəviyyat və əxlaq xəzinəsidir”.
“Ozbekiston ovozi”, “Veçerniy Taşkent” və digər qəzetlər də Özbəkistan Prezidentinin Azərbaycana rəsmi səfərini yüksək qiymətləndirir, səfərin ikitərəfli əlaqələrin möhkəmləndirilməsində və dərinləşdirilməsində mühüm mərhələ olacağını qeyd edirlər.
######
