“Pakistan bu gün” adlı seminar keçirilib
Bakı, 17 mart, AZƏRTAC
Martın 17-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) və Pakistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Pakistan bu gün” adlı seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxış edərək Pakistanın Azərbaycanın strateji tərəfdaşı olduğunu deyib. O bildirib, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir.
Fərid Şəfiyev rəhbərlik etdiyi Mərkəzin Pakistanın düşüncə mərkəzləri ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib.
Pakistanın Azərbaycandakı səfiri Bilal Haye ölkəsi haqqında təqdimatla çıxış edib. Səfir qeyd edib ki, dünyada Pakistan haqqında kifayət qədər yanlış informasiyalar yayılır, Qərb mediası Pakistanı təhrif edir. Hazırda Pakistanın yeni daxili siyasətində əsas prioritet ədalətli iqtisadi təhlükəsizliyə əsaslanan sosial dövlətin inkişaf etdirilməsidir. Səfir bildirib ki, ölkəsi həmçinin qonşuları ilə dinc münasibətlərin qurulması siyasətini hədəfləyir və bağlantı və tərəfdaşlığın inkişafını prioritet seçib.
Bilal Haye Pakistanla Azərbaycan arasındakı yüksək səviyyəli əməkdaşlıqdan da danışıb. O bildirib ki, iki ölkə arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq əlaqələri mövcuddur və bu əlaqələr gündən-günə möhkəmlənir. O, Azərbaycan hökumətini Pakistan bazarına, xüsusən də informasiya texnologiyaları sektoruna investisiya qoymağa dəvət edib. Səfir Pakistanla Azərbaycan arasında əlaqələrin daha da dərinləşməsi üçün müdafiə sahəsində, iqtisadi sahədə, turizm, təhsil və insanlararası münasibətlərin inkişafı sahəsində əlaqələrin vacibliyini qeyd edib. “Mən Azərbaycanla investisiya və ikitərəfli ticarət sahəsində böyük fürsət görürəm. Pakistan şirkətləri, həmçinin işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesində iştirak etməyi səbirsizliklə gözləyirlər”,- deyə səfir vurğulayıb.
Əlaqələrin inkişafında birbaşa uçuşların təşkilinin vacibliyini qeyd edən diplomat AZAL və Pakistan Hava Yollarının COVID-19 virusu ilə əlaqədar məhdudiyyətlərin azaldılmasından sonra iki ölkə arasında uçuşların açılmasına hazır olduğunu bildirib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva tədbirdə çıxış edərək ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərindən danışıb. O, Pakistanın İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyin xalqımız tərəfindən yüksək qiymətləndirdiyini bildirib.
Tədbir sual-cavab sessiyası ilə davam etdirilib.