Pan Gi Mun Dünya okeanının müdafiəsinə dair yeni təşəbbüs irəli sürmüşdür
Bakı, 14 avqust (AZƏRTAC). BMT-nin baş katibi Pan Gi Mun Dünya okeanının müdafiəsinə və sahilyanı rayonların əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmiş yeni təşəbbüs irəli sürmüşdür. BMT-nin başçısı dünya okeanının əhəmiyyətini vurğulamış və bütün ölkələri dəniz mühitini qoruyub saxlamağa və onun ehtiyatlarından qayğı ilə istifadə etməyə çağırmışdır.
Planetimizin səthinin 70 faizə yaxını su ilə örtülmüşdür. Yosunlardan tutmuş mavi balinalaradək dəniz sakinlərinin biokütləsi Yerin bütün canlı orqanizmlərinin biokütləsinin 90 faizini təşkil edir.
BMT-nin başçısı Koreya Respublikasında keçirilən dəniz hüququ üzrə Konvensiyanın 30 illiyinə həsr olunmuş konfransda demişdir: “Dənizlər və okeanlar Yerin daha mühüm və zəif ekosistemini təşkil edirlər. Lakin dəniz həyatının müxtəlifliyi həddindən artıq yüklənmişdir”.
Pan Gi Mun bildirmişdir ki, Konvensiyanı okeanların konstitusiyası adlandırırlar. Bu sənəd dəniz məkanından istifadə olunmasının bütün beynəlxalq cəhətlərini, o cümlədən dəniz sərhədlərinin delimitasiyası, ekoloji normaların tətbiq edilməsi, elmi tədqiqatların keçirilməsi, ticarət, hətta beynəlxalq mübahisələrin nizama salınmasını tənzimləyir. Konvensiya imzalanması üçün 1982-ci ildən açılmış və 1994-cü il noyabrın 16-da qüvvəyə minmişdir. Hazırda Konvensiyanın 162 üzvü vardır.
Baş katib dəniz məkanında təhlükələrlə bağlı çoxcəhətli məsələlərin həllinə başlamağa çağırmışdır. Bununla əlaqədar, “Okean müqaviləsi” təşəbbüsünün irəli sürüldüyünü elan etmişdir. Bu sənəd Konvensiyanın yerinə yetirilməsinə dair tədbirləri gücləndirəcəkdir.
BMT-nin başçısı hesab edir ki, müqavilə Dünya okeanının təbii ehtiyatlarının müdafiəsi, həyatı dənizdən asılı olan insanlar üçün ərzaq istehsalı prosesinin bərpa edilməsi və okeanın idarə olunması haqqında biliklərin səviyyəsinin artırılması işində ölkələrə kömək olacaqdır.
Pan Gi Mun Dünya okeanının müdafiəsi ilə bağlı yeni təşəbbüsü çərçivəsində fəaliyyət planı təqdim etmişdir. Planda tanınmış siyasətçilər, alimlər, ekspertlər və özəl sektorun nümayəndələrindən ibarət sosial sektorun yaradılması nəzərdə tutulur.