Panel müzakirə: “Mədəni irsin və inklüziv şəhər regenerasiyasının yenidən düşünülməsi”-YENİLƏNİB
Bakı, 20 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Mədəni irsin və inklüziv şəhər regenerasiyasının yenidən düşünülməsi” mövzusunda panel sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin moderatoru “Berghof Foundation”ın baş məsləhətçisi Nazanin Moşiridir.
Panel sessiyada Mərakeş Krallığında Milli Ərazi, Şəhərsalma, Mənzil Təsərrüfatı və Şəhər Siyasəti üzrə Nazirin Mənzil məsələlərinə cavabdeh Dövlət katibi Ədib Benbrahim, Mexiko şəhərinin mənzil təsərrüfatı naziri İnti Munoz, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva və İspaniya Krallığında Kataloniya Hökumətinin Ərazi Planlaşdırılması, Şəhərsalma və Memarlıq üzrə Baş Direktoru Elizabet Cirici çıxış ediblər.
Natiqlər çıxışlarında əsas diqqəti mədəni irsin qorunması ilə şəhərlərin müasir inkişafı arasında balansın yaradılmasına yönəldib.
Çıxışlarda tarixi məhəllələrin və şəhər kimliyinin saxlanılması, eyni zamanda regenerasiya proseslərində insanların köçürülməsinin minimuma endirilməsi vacib məsələ kimi vurğulanıb. Şəhərlər canlı orqanizm kimi dəyərləndirilərək, onların morfologiyası və mədəni yaddaşının planlaşdırmada əsas götürülməsi qeyd olunub.
Həmçinin mobillik, infrastruktur, iqtisadi və sosial inkişafın tarixi mühitlə ahəngdar şəkildə inteqrasiyasının vacibliyi ön plana çıxarılıb.
Panel sessiya sual-cavab formasında davam edib.
Müxbir - Fidan Əlizadə