PARİSDƏ “ORTA ƏSRLƏRDƏN İNDİYƏDƏK FRANSADA İSLAMIN VƏ MÜSƏLMANLARIN TARİXİ” KİTABI ÇAPDAN ÇIXMIŞDIR
Monoqrafiyada frank kralı Karl Martellin 732-ci ildə ərəb qoşunlarını Puatye ətrafında gedən döyüşdə dayandırmasının Fransa tarixinin əsas mifinə necə çevrildiyi izah olunur. Müəlliflərin fikrincə, Fransanın müstəmləkəçilik tarixi dərsliklərdə ideologiyalaşdırılmış formada verilmiş, Fransanın “geridə qalmış müsəlman ölkələrinə” sivilizasiya gətirdiyi vurğulanmışdır.
Bununla yanaşı, əsərdə XII-XV əsrlərdə Fransanın cənubunda müsəlman qullar, “assasinlər” təriqəti, Avropanın və Osmanlı imperiyasının inteqrasiyası layihələri, klassisizm dövründə “türk dəbi”, “Min bir gecə” nağıllarının Marsel Prustun yaradıcılığına təsiri və bir çox başqa məsələlər barədə maraqlı faktlar var.
1217 səhifədən və 4 hissədən ibarət əsərin ərsəyə gəlməsində 75 tarixçi və yazıçı iştirak etmişdir.
Tanınmış tarixçi-mediyevist Jak Le Qoff yazır ki, fransızların müsəlmanlara çox vaxt düşmən münasibət bəsləmələrinə baxmayaraq, orta əsrlərdən tutmuş müasir dövrümüzədək Fransa İslam dünyasından xeyli mədəni və humanitar nailiyyət əxz etmişdir. Bu nailiyyətlər Fransanın sosial və intellektual həyatını zənginləşdirmiş və indi də zənginləşdirməkdədir.
Müsəlman dünyasının töhfəsi “kimyagər”, “iksir”, “cəbr”, “rəqəm”, “döşək”, “gitara” və hətta “alkoqol” kimi sözlərlə fransız dilinin baza leksikasında da əksini tapır.