Parisdə Xocalı faciəsindən bəhs edən tamaşa göstərilmişdir
Paris, 27 fevral (AZƏRTAC). Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Fransada keçirilən “Xocalı faciəsi günləri“ çərçivəsində fevralın 26-da Azərbaycan-Fransa Gənclik Assosiasiyasının təşkilatçılığı, ölkəmizin Fransadakı səfirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Parisin “Jimnaz” teatrında Azərbaycan Dövlət Pantomim Teatrı aktyorlarının ifasında bu dəhşətli faciədən bəhs edən “Xocalı: həyatla ölüm arasında“ tamaşası göstərilmişdir.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov tədbirdə çıxış edərək ermənilərin 20 il bundan əvvəl Xocalıda həyata keçirdikləri soyqırımının yalnız azərbaycanlılara deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş dəhşətli kütləvi terror aktı olduğunu söyləmişdir. Diplomat fransız ictimaiyyətinin hələ də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən müdhiş anlarını əks etdirən Xocalı faciəsindən tam xəbərdar olmadığını təəssüf hissi ilə vurğulamışdır. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni yaraqlılarının Xocalının dinc əhalisinə qarşı törətdikləri vəhşiliklərdən, Ermənistanın dövlət səviyyəsində azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətindən bəhs etmişdir.
Dünya mətbuatında Xocalı soyqırımı barədə dərc olunan məlumatları xatırladan E.Əmirbəyov faciənin birbaşa təşkilatçıları olan və əli minlərlə günahsız azərbaycanlının qanına batmış bir çox erməni liderlərinin bu gün hakimiyyət başında olduqlarını bildirmişdir.
Diplomat 2008-ci ildən etibarən “Xocalıya ədalət!“ beynəlxalq kampaniyasının bütün dünyada geniş vüsət aldığını, minlərlə insanın bu aksiyaya qoşulduğunu, Meksika və Pakistan parlamentlərinin Xocalı faciəsini soyqırımı kimi tanıdıqlarını, faciənin təşkilatçılarının və icraçılarının gec-tez beynəlxalq ədalət məhkəməsi qarşısında öz əməllərinə görə cavab verəcəklərinə inandığını bəyan etmişdir.
Aktyorların ifasında yeni ailə həyatı qurmağa hazırlaşan iki gəncin toy şənliyinin erməni hücumuna təsadüf etməsi, erməni cəlladlarının şənlik iştirakçılarına divan tutmaları, hətta yenicə doğulmuş günahsız körpəyə belə aman vermədən onu vəhşiliklə qətlə yetirmələrindən bəhs edən səhnələri tamaşaçılar ürək ağrısı ilə izləmişlər.
Tamaşada Fransa ictimaiyyətinin nümayəndələri, Azərbaycanın Parisdəki səfirliyinin və ölkəmizin UNESCO-dakı daimi nümayəndəliyinin əməkdaşları, Azərbaycan diasporunun təmsilçiləri, tələbələr və jurnalistlər iştirak etmişlər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris