PAUERLİFTİNQ ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATININ QALİBLƏRİ MƏLUM OLMUŞDUR
Bakı, 7 sentyabr (AZƏRTAC). Pauerliftinq üzrə Azərbaycan çempionatının qalibləri məlum olmuşdur. Yarışda 12 çəki dərəcəsi üzrə 80-dək idmançı iştirak etmişdir. İdmançılar pauerliftinq ilə yanaşı, benç-press növündə də yarışmışlar.
Çempionatın təntənəli açılış mərasimində Dünya Pauerliftinq Konqresinin prezidenti Mayk Sviney çıxış edərək Azəbaycanda pauerliftinqin səviyyəsindən razı qaldığını, ölkəmizin idmanın bu növündə qazandığı uğurları xüsusilə vurğulamışdır.
Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışmışdır.
Pauerliftinq üzrə keçirilən yarışın nəticələrinə əsasən, Asif Beliyev (52 kq), Coşqun Ağazadə (56 kq), Elnur Eminov (60 kq), Camal Hidayətov (67 kq), Eldəniz Əhmədov (75 kq), Yalçın Bağırov (82 kq), Balı Hacıyev (90 kq), Hafiz Verdiyev (100 kq), Zahir Xudayarov (110 kq), Rüfət Ağayev (125 kq), Elnur Məmmədov (140 kq), Qalib Qəzənfərov (140 kq-dan yuxarı) ölkə çempionu olmuşlar.
Benç-press üzrə yarışlarda isə Asif Beliyev (52 kq), Rəşad Əsgərov (56 kq), Samir Məmmədov (60 kq), Təbriz Ağayev (67 kq), Cavid Albabazadə (75 kq), Əli Əsgərov (82 kq), Sərxan Əliyev (90 kq), Cabir İbrahimov (100 kq), İbrahim İbrahimov (110 kq), Elnur Məmmədov (140 kq), İsrafil Məmmədov (140 kq-dan yuxarı) birinci yeri tutmuşdur.
Qadınların həm benç-press, həm də pauerliftinq yarışında Günel Talıbova (52 kq), Lyudmila Əliyeva (60 kq) və Xatirə Şahverdi (62,5 kq) fərqlənmişlər.
Bundan əlavə, Rüfət Ağayev (125 kq) pauerliftinq, İbrahim İbrahimov (110 kq) isə benç-press üzrə mütləq çəki dərəcəsində ölkə çempionu olmuşlar.