Paytaxt parklarında təmizlik-dezinfeksiya tədbirləri görülüb VİDEO
Bakı, 1 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, paytaxt Bakı şəhərində yeni parklar, meşə massivləri, istirahət guşələri və bağlar salınır, mövcud parklar təmir edilir, yenilənir. İnsanların istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edən bu parklarda sakinlərin və şəhərin çoxsaylı qonaqlarının istirahəti üçün hər cür şərait yaradılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, isti yay günlərində parklardakı yaşıllıqlara qulluq göstərilməsi, burada təmizlik-sanitariya qaydalarına riayət olunması və sakinlərin normal istirahətinin təşkili məqsədilə BŞİH-in tapşırığına əsasən paytaxtın kommunal xidmətləri və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir.
Bu tədbirlər çərçivəsində paytaxtın park və istirahət bağlarında kommunal xidmət əməkdaşları tərəfindən təmizlik-dezinfeksiya tədbirləri görülür. İlk növbədə, parklarda idman qurğuları, uşaq əyləncə avadanlıqları, mövcud tikili və pavilyonların ətrafı dezinfeksiya edilir, cücü və həşəratlara qarşı dərmanlanır, skamya və oturacaqlar yuyulur, digər təmizlik işləri həyata keçirilir. Həmçinin ətraf ərazilərdə məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında təmizlik-dezinfeksiya işləri görülür.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən parklardakı ağacların dibi yumşaldılır, həmişəyaşıl ağaclar yuyulur. Eyni zamanda, yaşıllıq zolaqları və parklarda qazon örtüyünə daimi qulluq göstərilir.
Bu kimi təmizlik-dezinfeksiya tədbirləri şəhərdəki park və istirahət bağlarında, yaradılan abad məhəllələrdə mütəmadi olaraq keçiriləcək, parklarda təmizliyin lazımi səviyyədə saxlanılması üçün bütün zəruri tədbirlər davam etdiriləcək.