Paytaxt üzrə 2213 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib
Bakı, 23 iyun, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 2213 məzunu tam orta təhsil səviyyəsi üzrə məktəbi fərqlənmə attestatı ilə bitirib.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, tam orta təhsil haqqında fərqlənmə attestatı tam orta təhsil səviyyəsində oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir.
Məzunlara tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.