Paytaxtda Ağ Amerika kəpənəklərinə qarşı dərmanlama işləri aparılıb
Bakı, 21 avqust, AZƏRTAC
Son günlər paytaxtın bəzi ərazilərində əsas etibarı ilə tut ağaclarını qurd basması halları müşahidə olunur. Ağaclarda toplanan qurdlar həyətlərə, yaşayış binalarına, yol kənarlarına da çıxır. Bu da öz növbəsində sakinləri narahat edir.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məsələ ilə əlaqədar mütəxəssislər tərəfindən qurdların müşahidə olunduğu ərazilərə baxış keçirilib və müəyyən edilib ki, bu qurdlar Ağ Amerika kəpənəyinin tırtıllarıdır. Bu kəpənək 120 növ bitkiyə - tut ağacının müxtəlif növlərinə, alça, alma, gavalı, ərik, armud, şaftalı, göyəm, itburnu, yasəmən, göyrüş, qovaq, qarağat və digər növlərə zərər verir. Abşeronda aparılan tədqiqat zamanı onun 30 növünün bitki ilə qidalandığı müəyyən olunub.
Bitkilər üçün zərərli olan orqanizmin ləğv edilməsi üçün Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən bir çox mübarizə tədbirlərindən istifadə olunur. “Amerika ağ kəpənəyinin Azərbaycan üçün yeni invaziv növ olması nəzərə alınaraq, aşkar edildiyi təqdirdə, onun sayından asılı olmayaraq, bütün ocaqlarının tamamilə məhv edilməsi üçün mübarizə tədbirləri tətbiq olunur. Qeyd edilənlərlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən tədbirlər planı hazırlanıb, ərazidə gündəlik monitorinqlər keçirilir və kəpənək qurdlarının aşkarlandığı ərazilərdə xüsusi vasitələrlə dərmanlama işləri həyata keçirilir”, - deyə məlumatda vurğulanıb.
Bildirildiyinə görə, bu həşəratların insan sağlamlığı üçün heç bir zərəri yoxdur.