Paytaxtda iki nəfər koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
Bakı, 12 mart, AZƏRTAC
Karantin rejiminin tələblərinin təmin edilməsi, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət-profilaktik tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, keçirilən tədbirlərdə əsas məqsəd əhalinin sağlamlığı, vətəndaşların sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.
Martın 11-də polis əməkdaşları tərəfindən paytaxt ərazisində iki nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılıb. Bakı şəhər sakinləri - 59 yaşlı K.Axundovaya və 32 yaşlı İ.Quliyevə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
K.Axundova barəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Digər vətəndaş barəsində araşdırmalar davam etdirilir.
Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edərək, xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırır.