ELM VƏ TƏHSİL
Pedaqoji Universitetdə magistrantlarla görüş keçirilib
Bakı, 27 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov təhsilin təşkili və idarə edilməsi (MBA) ixtisaslaşmasında təhsil alan magistrantların təhsildə strateji idarəetmə fənni üzrə növbəti dərsində iştirak edib.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.
Magistrantlarla görüş “ADPU-da strateji idarəetmənin xüsusiyyətləri: müəssisənin xarici və daxili mühitinin təhlili” mövzusuna həsr edilib. Universitetin elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov magistrantların idarəçilik və liderlik bacarıqlarının inkişafı baxımından bu görüşün əhəmiyyətini xüsusi vurğulayıb. A.Zamanov rektorun praktik təcrübəsinin və peşəkar idarəçilik bacarıqlarının magistrantlar üçün səmərəli öyrənmə mühiti yaradacağını və görüşdə iştirak edən magistrantların bu fikir mübadiləsindən təcrübə əldə edəcəklərini diqqətə çatdırıb. Prorektor bu təcrübənin gənclərin peşəkar karyeralarının inkişafına fayda verəcəyinə əmin olduğunu bildirib.
ADPU-nun rektoru professor Cəfər Cəfərov təhsil müəssisələrinin idarə edilməsi sahəsində beynəlxalq təcrübə, strateji idarəçilik modelləri və effektiv rəhbərlik yanaşmalarından bəhs edib, ADPU-da qabaqcıl təcrübələrdən istifadə edərək müasir standartlara cavab verən peşəkar kadrlar hazırlanması sahəsində aparılan islahatlar barədə magistrantlara məlumat verib.
Universitetdə strateji inkişaf planının hazırlanması və tətbiqi mexanizmləri barədə danışan professor C.Cəfərov daxili və xarici mühitin təhlili və bu proseslərin təhsilin keyfiyyətinə təsiri barədə ətraflı məlumat verib.
Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb.