PENİTENSİAR SİSTEM TAM ŞƏFFAF FƏALİYYƏT GÖSTƏRİR
Eyni zamanda, penitensiar xidmətin işinin müasir tələblərə uyğun qurulması, mövcud problemlərin aradan qaldırılması üçün Ədliyyə Nazirliyi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir, məhkumların saxlanma şəraiti yaxşılaşdırılır, onların hüquqlarının etibarlı qorunması üçün digər tədbirlərlə yanaşı, penitensiar müəssisələrin fəaliyyətində tam şəffaflıq təmin olunur.
Bu sahədə hüquq müdafiə təşkilatları ilə qarşılıqlı fəaliyyətin gücləndirilməsi məqsədi ilə “Məhkumların islah edilməsində ictimaiyyətin iştirakı və cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi Qaydaları” hazırlanaraq, Ədliyyə Nazirliyinin Kollegiyasında təsdiq olunmuşdur. Həmin Qaydalara uyğun olaraq məhkumların islah edilməsində iştirak edən və ictimai nəzarəti həyata keçirən İctimai Komitəni formalaşdırmaq məqsədi ilə deputatlardan, alimlərdən, din xadimlərindən, ictimaiyyətin nüfuzlu nümayəndələrindən və aidiyyəti qurumların təmsilçilərindən ibarət yaradılmış Seçki Komissiyasının ədliyyə naziri cənab Fikrət Məmmədovun iştirakı ilə keçirilən iclasında qarşıya mühüm vəzifələr qoyulmuşdur.
Ötən dövr ərzində İctimai Komitədə iştirak etmək arzusunda olan 16 QHT və hüquq müdafiəçisindən təkliflər, proqramlar, layihələr daxil olmuşdur. Onlar Komissiya tərəfindən ətraflı öyrənilmiş, araşdırılmış və müvafiq Qaydalara tam uyğun olanları seçilmişdir.
Seçki Komissiyasının sentyabrın 21-də keçirilmiş iclasında Azadlıqdan məhrumetmə yerlərinin müşahidəsi İctimai Birliyinin, İşgəncələrə qarşı Azərbaycan Komitəsinin, Demokratiya və insan hüquqları Komitəsinin, Beynəlxalq İnsan hüquqları cəmiyyətinin Azərbaycan Milli bölməsinin, İnsan hüquqları və qanunçuluğun müdafiəsi İctimai Birliyinin, “El” İnkişaf proqramları mərkəzinin, “Konstitusiya” araşdırmalar fondunun, Vətəndaşların əmək hüquqlarının müdafiə liqasının və Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin təmsilçiləri İctimai Komitəyə üzv seçilmişlər.
Sentyabrın 25-də Komitənin ilk iclası keçirilmişdir. İclasa qatılan ədliyyə naziri Fikrət Məmmədov onları təbrik edərək, ölkəmizdə uğurla həyata keçirilən məhkəmə-hüquq islahatları, Ədliyyə Nazirliyinin yeni fəaliyyət istiqamətləri və görülən işlər barədə ətraflı məlumat vermişdir. O, penitensiar sistemdə aparılan islahatlardan söhbət açaraq, ictimai nəzarətin həyata keçirilməsində, məhkumların islah olunmasında və reabilitasiyasında Komitənin üzərinə düşən mühüm vəzifələri diqqətə çatdırmış, bu sahədə şəffaflığın təmin olunmasında İctimai Komitənin rolunu və əhəmiyyətini vurğulamışdır. İclasda Komitənin fəaliyyətinin tənzimlənməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur.